İTV-nin Baş direktoru Yayım Şurasına hesabat verdi
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə Şirkətin 2022-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi və 2023-cü il üçün ştat cədvəlinin təsdiqi barədə məsələyə baxılması nəzərdə tutulub.
Sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov hesabat dövründə görülmüş işlər barədə məlumat verib.
Qeyd edilib ki, ötən müddətdə İctimai Televiziya və Radionun verilişlərinin məzmun keyfiyyətinin artırılmasına, daha müasir texnoloji yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilib. Bir sıra verilişlərin virtual studiyadan yayımlanması təmin edilib.
Yeni studiyalar dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. İctimai teleradionun texniki imkanları, yerləşdiyi binanın təmir-tikinti işləri, yeni studiyaları haqqında da danışan Baş direktor bildirib ki, Şirkətin köhnəlmiş binasının bir hissəsi müasir formada təmir olunaraq istifadəyə verilib. Burada yaradılan şərait əməkdaşlara öz vəzifələrini rahat və tələb olunan müasir səviyyədə icra etməyə imkan verir.
Balakişi Qasımov deyib ki, İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, yeni lisenziyalı layihələrin həyata keçirilməsinə nail olunub. Məqsəd müasir veriliş və filmlərin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, intellektual proqramlarla bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı təbəqələrinin müxtəlif sahələrdəki ümumi maraqlarına xidmət etməkdir.
İclasda ayrı-ayrı verilişlər və həyata keçirilməsi planlaşdırılan layihələr haqqında geniş müzakirələr aparılıb. Yayımlanmış veriliş, müzakirə proqramlarının və filmlərin ictimai əhəmiyyəti, aktuallığı və sosial şəbəkələrdə yüksək reytinq göstəricilərinə də toxunulub, baxış sayına görə aylıq hesabatlarda daim ilk yerləri tutması xüsusi qeyd edilib.
Həmçinin bildirilib ki, Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri, lisenziyalı xarici serialları peşəkar dublyajla yayımlayan İctimai TV tamaşaçılara özünün istehsalı olan seriallar da təqdim edir.
Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Sevil Yusifova, Vüqar Zeynalov İctimai Televiziya və Radio Yayımları şirkətində həyata keçirilən layihələri, müasir beynəlxalq təcrübənin tətbiqini və planlaşdırılan işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər. Toplantıda 2023-cü ilə nəzərdə tutulan və digər cari məsələlər haqqında fikir mübadiləsi də aparılıb.
İclasda həmçinin, gələn il üçün ştat cədvəlinə baxılıb və iş əmsalının daha da yüksəldilməsi məqsədilə müvafiq qərar qəbul olunub.