Yazıçı-publisist Aydın Tağıyevin 70 illik yubileyi qeyd olunub
Yazıçı-publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Şabran rayon bölməsinin rəhbəri Aydın Tağıyevin anadan olmasının 70 illik yubileyi qeyd olunub.
Şabran rayon İcra Hakimiyyətində baş tutan tədbiri giriş sözü ilə açan Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev yubilyarı təbrik etmişdir. Aydın Tağıyevin yaradıcılığından bəhs edən İlkin Ağayev bildirmişdir ki, ədib neçə-neçə kitabın, saysız əsərin müəllifidir. Şabran rayonunun tarixinin tədqiqində, öyrənilməsində əvəzsiz xidmətləri olan Aydın Tağıyevin həyat və yaradıcılığının gənclərə örnək olmasını bildirən İlkin Ağayev ona gələcək həyatında yeni-yeni nəaliyyətlər arzulamışdır.
Daha sonra çıxış edən yubilyarın dostları, sənət yoldaşları və rayon ictimaiyyət nümayəndələri də həmçinin Aydın Tağıyevi təbrik etmiş, ona möhkəm can sağlığı arzulamışdır.
Sonda Aydın Tağıyevə rayonun ictimai həyatında göstərdiyi səmərəli xidmətlərinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunmuşdur.
Şabran rayon İcra Hakimiyyəti bir daha Aydın müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı arzulayır!