"Muğam" müsabiqəsinin finalı və qala-gecəsi Şuşada keçirilir
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.
Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.
Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.
Müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, 5-6 avqust tarixlərində saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.
Finalın Şuşada keçirilməsi VIII “Muğam” müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin “Şuşa İli”nə töhfəsidir.
Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlamış, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə etmişdi. Yarışmanın final mərhələsi isə mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və Mədəniyyət TV vasitəsilə canlı yayımlanıb.
2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.