Alla Puqaçovanın Rusiyadakı malikanəsi müsadirə olunur
Məşhur estrada ulduzu Alla Puqaçova və əri Maksim Qalkinin qəfildən İsrailə getməsindən sonra çoxları “primadonna”nın Rusiyadakı daşınmaz əmlakının aqibətinin necə olacağını düşünürdü.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Alla Puqaçova və Maksim Qalkin Rusiyanın Qryaz kəndindəki malikanələrini satışa çıxarıb.
Amma Rusiya hakimiyyətinin Puqaçovanın əmlakı ilə bağlı başqa planları var.
Bildirilir ki, Rusiya hakimiyyəti Alla Puqaçova və Maksim Qalkinin müharibə əleyhinə mövqeyinə reaksiya verib. Planlara onların Qryaz kəndindəki mülkünün müsadirə edilməsi də daxildir.
Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Andrey Luqovoy bildirib ki, sözügüdən malikanənin müsadirə olunacağı gözlənilir.
Onun sözlərinə görə, malikanənin Rusiya Federasiyasının qanunlarına zidd olaraq tikildiyinə dair “şübhələr” var. İddialara görə, əsas kimi, villanın inşası zamanı tikinti, yanğın və sanitariya qanunvericiliyinə riayət olunmayıb. Artıq bu istiqamətdə yoxlama aparmaqda israrlıdırlar.
Luqovoy deyib ki, qanun pozuntuları aşkar edilərsə, Qalkin və Puqaçovanın qəsri müsadirə olunacaq. O, həmin malikanədə Donbasdan olan qaçqınları yerləşdirməyi təklif edib.
Əgər belə pozuntular varsa, Qalkini əlində olan hər şeydən məhrum etmək lazımdır. Mənəvi nöqteyi-nəzərdən Donbasdan olan qaçqınların ora köçürülməsi ideyasını dəstəkləyərdim. Qoy Qalkin orda, Rusiya Federasiyasından kənarda sevinsin, - Luqavoy deyib.