Sizin Reklam Burada

TELEVİZİYA KANALININ İMİCİNİ KİM FORMALAŞDIRIR?

TELEVİZİYA KANALININ İMİCİNİ KİM FORMALAŞDIRIR?Könül Quliyeva
"EURO MEDİA QRUP" MMC-nin direktoru

Cavab bəllidir: veriliş aparıcısı.


Dünyanın nüfuzlu televiziya kanallarının təcrübəsi onların nəhəng auditoriyaya sahib olmaqla təsiredici qüvvəyə çevrilməsində aparıcıların nə dərəcədə mühüm rol oynadıqlarını göstərir.
Bu gün ekran qarşısında əyləşən tamaşaçı ona xoş, səmimi, kommunikativ və interaktiv münasibət göstərən, onunla həmfikir olan teleaparıcını görmək və dinləmək istəyir, onu inandığı və etibar etdiyi şəxsiyyət kimi qəbul edir. Bu baxımdan, teleaparıcılıq peşəsi müasir televiziyada xüsusi yer tutur.

Televiziya verilişinin aparıcısı özündə şərhçi, diktor və müsahibə alan şəxsin keyfiyyətlərini birləşdirən, həm özünün tərtib etdiyi, həm də digər müəllifin hazırladığı mətndən istifadə edən, jurnalist, aktyor və psixoloq bacarıqlarına malik olan, fotogenik zahiri görkəmi və düzgün nitq qabiliyyəti ilə fərqlənən, mədəni, savadlı, geniş dünyagörüşlü və hazırcavab şəxs olmalıdır.
Aparıcının üslubu onun şəxsiyyətinin bənzərsiz yaradıcılıq məzmunu ilə müəyyən edilir. Bu səbəbdən heç də hər bir kəsə öz fərdi üslubunu yaratmaq nəsib olmur, lakin başqasının davranış tərzindən istifadə etmək daha asandır. Qeyd edilməlidir ki, imic peşəkar mütəxəssisin öz üzərində yorulmadan çalışdığı yaradıcılıq prosesində əldə edilən fərdi xüsusiyyətdir.

Müasir televiziyada üç aparıcı qrupu bir arada cəmləşir: diktorlar, aktyorlar, jurnalistlər. Onlar bir-birlərindən nə ilə fərqlənirlər? Diktor ilk növbədə ifaçıdır. Onun səsi, mimikaları, aktyorluq qabiliyyəti başqa bir şəxsin (müəllifin) yazdığı və peşəkar redaktor tərəfindən redaktə olunmuş mətni izləyiciyə çatdırmaq məqsədi daşıyır. Jurnalist isə ekranda öz mətnini təqdim edir və ya (lazım olduqda) ssenari planı çərçivəsində improvizasiya edir. Televiziya hadisəni canlı efirdə təqdim edirsə, jurnalist müxbir rolunda çıxış edir. Mahiyyət etibarı ilə televiziyada müəllif fəaliyyəti ifaçılıq sənətinin müəyyən forması olan diktor fəaliyyəti ilə ziddiyyət təşkil edir.
İzləyicilərlə ünsiyyət bu gün daha canlı xarakter alır. Əvvəlki diktorlar yeni və getdikcə çətinləşən vəzifələrin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən bir çox televiziya verilişlərinin aparıcıları qismində məşhur və populyar aktyorlar çıxış edirlər. Bu halda izləyicilərin diqqətini aparıcının aktyorluq bacarığından daha çox onun şəxsi keyfiyyətlərini üzə çıxaran səmimiliyi, təbiiliyi cəlb edir.

Televiziya verilişinin aparıcısı bu gün KİV seqmentində ən çox tələb olunan peşələrdən biridir. Bəs bizim televiziya efirimizdə aparıcı hazırlığını müasir tələblərə uyğun şəkildə qura bilmişikmi?

Aparıcı hazırlığına televiziya işçilərinin müstəqil peşə fəaliyyətinə ümumi hazırlığının mühüm tərkib hissəsi kimi baxılmalıdır. Aparıcıya kamera qarşısında ünsiyyət ustalığının, yüksək davranış və nitq mədəniyyətinin aşılanmasına xüsusi diqqət yetirilməlidir. Televiziya aparıcılarının işində başlıca amil onların bu peşənin bütün nümayəndələrini bir-biri ilə əlaqələndirən ümumi peşə keyfiyyətləri və onları bir-birindən tamamilə fərqləndirən fərdi xüsusiyyətləridir.

Ekranda psixoloji və intellektual gərginlik, maksimum diqqət tələb edən canlı ünsiyyət məqamlarını çox zaman improvizasiya rejimində tamaşaçılarla birgə yaşayan televiziya aparıcısı özünün bənzərsiz və təkrarolunmaz şəxsiyyətini təqdim etməyi və izləyicilərin diqqətini verilişə cəlb etməyi bacarmalıdır. Fəqət, istənilən televiziya verilişinin uğuru, heç şübhəsiz, onun aparıcısından asılıdır.

Bu gün aparıcıların peşə təhsilində hansı yanaşmalar mövcuddur? Tanınmış efir ustalarının yaradıcılıq təcrübəsi nə cür öyrənilir? Televiziya aparıcılarının peşəkarlıq xüsusiyyətləri dəsti nədən ibatərdir? Bu suallara cavab axtarışında beynəlxalq təcrübəyə nəzər yetirmək faydalıdır.

Tanınmış ingilis tədqiqatçısı, uzun illər BBC-də çalışmış Brus Lyuis “Televiziya diktoru” kitabında aparıcının peşəkarlıq keyfiyyətlərinə hərtərəfli təhsili, böyük həyat təcrübəsini, intellektuallığı və yumor hissini, təmkinliyi və inadkarlığı, yaradıcı təxəyyülü və həvəsi, səbir və əzmkarlığı, özünə inama əsaslanan təvazökarlığı, komanda ilə və komandada işləmək bacarığını aid edir. Bu keyfiyyətlər son nəticədə televiziya verilişləri aparıcısı üçün önəmli “üslub”, “tərz”, “imic”, “ampula” anlayışlarını formalaşdırır.

Unutmaq olmaz ki, tamaşaçıların böyük əksəriyyəti ekranda səslənən nitqin məzmununa deyil, verbal elementlərə reaksiya verir, aparıcının zahiri görkəminə, mimika və jestlərinə, ünsiyyət maneralarına daha çox diqqət yetirir. Lakin bu o demək deyil ki, proqramın yayımlandığı studiya model və gözəllik yarışmasının keçirildiyi məkana çevrilməlidir. Ölkənin televiziya efirində xəbərlər proqramlarının yayımı bəzi hallarda dəbdə olan geyimlərin, ifrat dərəcəli makiyajın nümayişinə çevrilir. Hava proqnozunu səsləndirən müqəvva görünüşlü xanımlar isə sözün həqiqi mənasında gülüş obyektinə çevrilirlər.

Xüsusilə qeyd edilməlidir ki, hər hansı bir verilişin uğurlu alınması teleaparıcının biliyi, professional hazırlığı, nitq və davranış mədəniyyəti, bir sözlə, onun mənəvi keyfiyyətlərindən asılıdır. Onun intellektual qabiliyyəti, erudisiyası, dünyagörüşü izləyici diqqətinin cəlb edilməsində olduqca mühüm şərtdir. Bu və ya digər informasiyanın tamaşaçıya çatdırılması onun keyfiyyətindən, səviyyəsindən daha çox, teleaparıcının şəxsi keyfiyyətlərindən asılıdır. Bu keyfiyyətlər isə təcrübədə formalaşır, cilalanır və təkmilləşir.

Bəzi televiziya kanallarında xəbərlər və tok-şou proqramlarının aparıcılarına diqqət yetirərkən sıradan olan bir izləyici kimi müəyyən suallarla üzləşirəm. Görəsən televiziya şirkətlərinin rəhbərləri, redaktorlar aparıcı seçimində hansı meyarlara üstünlük verirlər? Aparıcı hazırlığı prosesinə psixoloqlar, imicmeykerlər, nitq və davranış mədəniyyəti mütəxəssisləri cəlb olunurlarmı? Teleaparıcıların attestasiyası keçirilirmi? Onların reytinq cədvəli mövcuddurmu?

Televiziya efiri incanların ideoloji baxışlarının, dünyagörüşünün və zövqünün formalaşmasına güclü təsir göstərən real məkandır. Bu məkanın sahibləri isə hər gün ekran vasitəsilə evimizə çağırılmamış qonaq qismində təşrif buyuran aparıcılardır. Bəzi hallarda xoş ovqat bəxş edir, bəzi hallarda isə qonaqpərvərliyimizdən sui-istifadə edib bizi qıcıqlandırırlar. Birincilərdən ayrılmaq, ikinciləri anlamaq çətindir.

Televiziya kanalının imici barədə düşünənlər bu həqiqəti dərk etməlidirlər – tamaşaçı gözünü televizor ekranına çətinliklə üzləşmək üçün yox, məlumatlanmaq və zövq almaq üçün dikir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər