Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq inkişaf edir
23 sentyabr 2025-ci il tarixində Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) iki qardaş ölkə -- Azərbaycanla Qazaxstan arasında iqtisadi tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi.
Forum çərçivəsində “Daşkəsən Dəmir Filizi” MMC (DDF) ilə Qazaxıstanın Fonte GreenMet Investments Fund OEIC [“Fonte Yaşıl Metallurgiya İnvestisiya Fondu” – ekoloji təmiz metallurgiya sahəsində ixtisaslaşmış investisiya fondu] arasında strateji əməkdaşlıq sazişi imzalanıb.
Bu saziş əsasında "Azərbaycan Metal Company" adlı birgə müəssisə yaradılır.
Yeni müəssisənin əsas məqsədi ; Azərbaycanın Şəmkir rayonunda illik 2 milyon ton gücündə isti briketləşdirilmiş dəmir (HBI) istehsal edəcək zavodun tikintisi və istismarıdır.
Layihənin ilkin nizamnamə kapitalı 600 min ABŞ dolları müəyyən olunub. Zavodun 2029-cu ildə istismara verilməsi planlaşdırılır və burada ekoloji cəhətdən təhlükəsiz müasir texnologiyalardan istifadə ediləcək.
Daşkəsən dəmir filizi yataqlarının işlənməsi Azərbaycanın sənaye sektorunda iri miqyaslı layihələrdən biridir.
Həm geoloji, həm də logistik çətinliklər mövcud olsa da, yüksək əlavə dəyərə malik məhsulların istehsalı bu layihəni regional miqyasda strateji əhəmiyyətli edir.
Hazırlanan texnoloji üsul mərhələli şəkildə yüksək keyfiyyətli konsentrat, qranul və isti briketləşdirilmiş dəmirin istehsalını nəzərdə tutur.
Bu layihənin ümumi investisiya dəyəri təqribən 700 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Reallaşdırma prosesi beynəlxalq investisiyaların cəlbi ilə aparılır ki, bu da dövlət büdcəsinə əlavə yük yaratmadan iqtisadi səmərəni artırmağa xidmət edir.
Layihənin tam icrası bölgədə təxminən 4 000 yeni iş yerinin açılmasına şərait yaradacaq. Bununla yanaşı, istehsal ediləcək məhsullar həm daxili, həm də regional bazarlarda rəqabət qabiliyyətli olacaq. İqtisadi proqnozlara görə, layihənin icrası Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) təxminən 13 milyard ABŞ dolları əlavə dəyər qazandıracaq.
Bu əməkdaşlıq Qazaxstan üçün də mühüm əhəmiyyət daşıyır. İlk növbədə, Fonte Capital Ltd və onun törəmə şirkətləri Azərbaycanın sənaye sektorunda geniş təcrübə qazanaraq metallurgiya üzrə beynəlxalq layihələrdə iştirak imkanlarını artıracaq.
İkincisi, Qazaxstan investisiya portfelini diversifikasiya etməklə gəlir mənbələrini şaxələndirəcək və regional nüfuzunu gücləndirəcək.
Eyni zamanda, Azərbaycanda yaradılacaq zavod Qazaxstan şirkətlərinə müasir texnologiyaların tətbiqi, mühəndislik və layihələndirmə sahəsində yeni əməkdaşlıq imkanları açacaq. Bu, həm də Qazaxstan məhsullarının region bazarlarına çıxışı üçün əlavə körpü rolunu oynayacaq.
Azərbaycan ilə Qazaxstan arasında imzalanmış bu saziş ; qardaş ölkələrin iqtisadi münasibətlərində yeni səhifə açır. İki dövlətin həm siyasi, həm də iqtisadi əlaqələri son illərdə dinamik inkişaf edir. Energetika, nəqliyyat-logistika, ticarət və indi də metallurgiya sahəsində atılan addımlar göstərir ki, Bakı ilə Astana strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir.
Bu əməkdaşlıq təkcə iqtisadi faydalar gətirmir, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanı gücləndirir ; regionda sülh və sabitliyə xidmət edir. Azərbaycan və Qazaxstanın birgə həyata keçirdiyi layihələr, xüsusilə də sənaye və infrastruktur sahəsində yeni təşəbbüslər gələcəkdə Orta Asiya – Cənubi Qafqaz iqtisadi məkanını daha da yaxınlaşdıracaq.
Qəvami Sadıqbəyli.
Son xəbərlər
