Azəri-Çıraq-Günəşlidən 1,8 milyard kubmetr səmt qazı təhvil verilib
2024-cü ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Avrasiya.net bp-Azərbaycan şirkətinə istinadən xəbər verir ki. 2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olundu.
ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda iki quyudan gündə təxminən 19 000 barel neft hasil olunur. Bu ilin sonuna kimi daha bir hasilat quyusunun istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.
ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.
2024-cü ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 500), Qərbi Azəri (75 500), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 400), Qərbi Çıraq (29 100) və ACE (6 500) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub.
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismarda olub.
İlin üç rübü ərzində AÇG-də 11 neft hasilatı quyusu, 2 su injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanmışdır.
2024-cü ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.
Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu mövcud Qərbi Çıraq platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir.