Fond “Muğan Bank”ın əmanətçilərinə müraciət etdi
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Muğan Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.
Avrasiya.net xəbər verir ki, qanunun tələbinə əsasən, qorunan əmanətçilər üçün ərizə təqdim etmə müddəti bu il noyabrın 1-də başa çatır.
Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir illik müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il saxlanılır.
“Muğan Bank” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə müflis elan edilib, ƏSF Bankın ləğvedicisi təyin edilib.
Qorunan əmanətçilərə kompensasiyan ödənilməsinin yeri və vaxtı haqqında ilk bildiriş 1 noyabr 2023-cü il tarixdə dərc edilib.
Hazırda kompensasiyalar "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər vasitəsilə ödənilir.