“Köhnəlmiş texnologiyalı gübrələrdən imtinanın vaxtı çatıb”
Bu gün Azərbaycanda gübrələrin, mikroelementlərin, bitki mühafizə vasitələrinin, pestisidlərin satışını həyata keçirən “Agricola” MMC şirkəti “Yeni dövrə bizimlə başla” adı altında tanışlıq və dostluq tədbiri keçirilib.
"Baku Marriott Hotel Boulevard"da baş tutan tədbirdə şirkət rəhbərliyi, əməkdaşları, fermerlər, əkinçilər, dövlət qurumlarının nümayəndələri, özəl müəssisələrin rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Tədbir zamanı “Agricola” şirkətinin fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, şirkətin əsas fəaliyyət istiqaməti fermerlərin tələbatının ödənilməsi üçün ən müasir gübrə növləri olan torpaq gübrələrinin, maye gübrələrinin və bitki mühafizə vasitələrinin idxalı təşkil edir.
Şirkətin direktoru Xaliq Məmmədov açılış nitqində bugünkü tədbirin əsas mahiyyətinin kənd təsərrüfatı istehsalçıları, xüsusilə bitkiçilik məhsulları istehsal edən fermerlərin tam keyfiyyətli, ekoloji cəhətdən sağlam, müasir və ucuz qiymətlərlə gübrə və bitki mühafizə vasitələri ilə təchiz olunmasından ibarət olduğunu deyib.
Maye və suda həll olan gübrələrin əhəmiyyətindən danışan X.Məmmədov artıq köhnəlmiş texnologiyalı gübrələrdən imtina etməyin zamanın yetişdiyini diqqətə çatdırıb: “Son vaxtlar ölkəmizdə çox uğurla iri aqroparklar yaradılır və qapalı təsərrüfatlara keçid meyli artmışdır. Bu həm su resurslarından, həm torpaq resurslarından, insan resurslarından istifadəni optimallaşdırır, məhsuldarlığı yüksəldir. Bu zaman hansı gübrələrdən istifadə edilməsi bizim sahibkarlar üçün xüsusi əhəmiyyət kəsb edir. Dünya təcrübəsində belə inkişaf etmiş təsərrüfatlarda suda həll olan və maye gübrələrdən istifadə olunması geniş tətbiq edilir. Çünki köhnəlmiş texnologiyalı gübrələr həm torpağı, həm bitkini zəhərləyir, insan sağlamlığına mənfi təsir göstərir. Bu baxımdan bugünkü tədbirdə təqdim etdiyim məhsullar torpağın, suyun, bitkinin və insan sağlamlığını, ekologiyanı qoruyan məhsullardır”.
Xaliq Məmmədov şirkətin gələcək planlarında bio stimulyatorların və daha müasir gübrələrdən istifadənin olduğunu bildirib.
Onun sözlərinə görə, ən yaxın zamanda Azərbaycanda həm xarici, həm də yerli aqronomların təmsil olunacağı Aqronomlar Klubunun yaradılması hədəflənir: “Klubun yaradılmasında əsas məqsəd bizim yerli sahibkarların dünyada gübrə və pestisidlərlə bağlı marifləndirilməsi, saxta olmayan malların alınması, məhsuldarlığı yüksəldilməsi, maya dəyərinin aşağı salınması yolları üzrə konsaltinq göstərilməsindən ibarət olacaq".
Tədbirin önəmini vurğulayan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Esmira Lətifova onun gələcəkdə bir hərəkata çevriləcəyinə inamını ifadə edib: “Bu gün ölkəmizdə həm ölkə başçısı tərəfindən həm də dövlət qurumları tərəfindən çox böyük işlər həyata keçirilir. Ölkəmiz çox yüksək sürətlə inkişaf etməyə başlayıb. Lakin gündəlik həyatımızda müəyyən pərakəndəlik hiss edirik. Ona görə ki, Azərbaycanda çoxlu sayda müxtəlif şirkətlərin, təşkilatların, müəssisələrin fəaliyyət göstərməsinə baxmayaraq bəzən bizim bir-birimizdən xəbərimiz olmur. Ona görə belə bir tədbirin həyata keçirilməsi önəmlidir. Bu tədbirə tanışlıq və dostluq, eyni zamanda kənd təsərrüfatında çalışan insanları bir araya gətirdiyi üçün həmkarların görüşü də demək olar. Arzu edərdim ki, bu tədbir gələcəkdə bir hərəkata çevrilsin. Azərbaycanda kənd təsərrüfatı sferasında fəaliyyət göstərən təşkilat və şirkətlər bu tip tanışlıq xarakterli tədbirlər həyata keçirsinlər”.
“Agricola” şirkəti dünyanın öncül gübrə istehsalçıları olan "Yara Suomi" (Norveç), "Biosen" (Türkiyə), "İntermag" (Polşa), "Rotem Amfert" (İsrail) və digər şirkətlərin distribütoru və nümayəndəsi kimi Azərbaycanda çıxış edir.
Hazırda 10-dan artıq ölkədən gətirilən 170 çeşiddən artıq məhsul fermerlərə təklif olunur.
Bundan əlavə idxal olunan ən qabaqcıl, o cümlədən yeni nəsil sayılan gübrələrdən "Foliar Yara Vita Brassitrel Pro", "Yara Vita Agriphos", "Biosen" şirkətinin orqanik gübrələri ölkənin ən böyük əkin sahələrində sınaqdan keçirilməkdədir.
“Agricola” ölkəmizdə kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyaların tətbiq olunmasına və ekoloji təmiz məhsulların yetişdirilməsi üçün maye və orqanik gübrələrdən istifadə təcrübəsinin öyrənilməsi istiqamətində yerli və xarici aqronomlardan istifadə edərək fermerlərə praktiki dəstək göstərir.
Şirkət qısa zaman ərzində yüksək potensiallı kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini müasir dövrün tələblərinə uyğun təşkil edib. Aqrar sahə üzrə çalışan şirkət Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurub.
Şirkətdə bir sıra xidmətlər mövcuddur:
-Kənd təsərrüfatı müəssisələrinin və fermerlərin istənilən tələbatının ödənilməsi üçün hər növ gübrə, toxum, mikroelement, bitki mühafizəsi vasitələri, pestisid, mal-qara, heyvan yemi və digər kənd təsərrüfatı təyinatlı malların idxalı və satışı;
- İri həcmlərdə suda həll olunan, maye, bio və mineral gübrələrin satışı;
- Hər növ kənd təsərrüfatı işləri üzrə aqrokonsaltinq xidmətləri;
- Kənd təsərrüfatı sahəsində hər növ layihələrin hazırlanması və idarə olunması;
- Aqronom dəstəyi;
-Aqrar sahədə çalışan fermerlərə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan etmək üçün geniş satış şəbəkəsi.
“Agricola”nın regionda 50-dən çox satış məntəqəsi mövcuddur. Bu satış məntəqələri Bakı, Abşeron–Xızı, Quba, Qusar, Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Dağlıq Şirvan, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan, Naxçıvan, Cəlilabad, Biləsuvar, Masallı, Neftçala, Beyləqan, Ağdam, Bərdə, Yevlax, Şəki, Qəbələ, İsmayıllı, Şəmkir və Ağcabədidə yerləşir.
Şirkət tərəfindən Türkiyə, İsrail, Finlandiya, Norveç, Polşa, İordaniya, İspaniya, Litva, Gürcüstan, Slovakiya və Rusiya istehsalı olan 170-ə yaxın çeşiddə gübrə və dərmanlar təqdim olunur.
Şirkətin əsas missiyası insanların həyatı, sağlamlığı və ətraf mühitin qorunması tələblərinə cavab verən ekoloji təmiz gübrələri fermerlərə təqdim etməkdir.