Zəmanətli və etibarlı əməkdaşlıq
Günümüzün reallıqları Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə zamanında və yüksək səviyyədə çatdığını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bu məqamı bir daha diqqətə çatdırdı ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın reallaşdığını göstərir.
Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu, enerji sahəsində istədiyimizə nail olmağa imkan verdi. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.
Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımız və dostluğumuz artım dinamika ilə inkişaf edir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır.
Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində imzalanan üç investisiya sazişi də bunun bariz nümunəsidir. Belə ki, oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi oldu. Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, SOCAR tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycanın Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni imzaladılar.
2022-ci ilin 15 mart tarixində Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Artıq bu il oktyabarın 26-da Elektrik Stansiyasının açılışı keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu gün üç investisiya sazişi imzalanacaq. Planlarımız daha genişdir. Mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq. Bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Statistik rəqəmlərə diqqət yetirək. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqla hazırda neft, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınır və nüfuz qazanır. Sözügedən açılış mərasimində “Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik və qeyd etdiyim kimi, dövlət proqramı icra olunur. Biz hər şeyi vaxtında edəcəyik. Biz artıq maliyyə resursları ayırmışıq ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bərpa olunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib. Bu ilin sonuna kimi bu rəqəm 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaq.
Qeyd dilən tədbirlərin uğurla həyata keçirilməsi, “yaşıl enerji” istehsalı sahəsində qətiyyətli addımlar göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji siyasəti Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olmaqla yanaşı, həm də ölkəmizin iqisiadi cəhətdən möhkəmlənməsinə xidmət edəcəkdir.
Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti