Regionlarda KOB-ların sərfəli kredit şərtlərinə əlçatanlığı üçün proqram hazırlanıb
Azərbaycanın regionlarında kiçik və orta sahibkarların daha sərfəli kredit şərtlərinə əlçatanlığını formalaşdırmaq üçün xüsusi proqram hazırlanıb.
Bunu "Report"a açıqlamasında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev deyib.
O qeyd edib ki, KOB sahəsi ən vacib seqmentlərdən biridir:
"Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və Banklar Assosiasiyası ilə birgə bu mövzu ilə bağlı işlər görürlər. İnanırıq ki, bu proqram sayəsində kreditlər kiçik və orta sahibkarlara daha sərfəli şərtlərlə təqdim olunacaq. İlin sonuna kimi bu proqramın icrasına başlanacağı gözlənilir", - C. Quliyev bildirib.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov dünən "Report"a verdiyi açıqlamasında bildirmişdi ki, KOB subyektlərinin kənar maliyyələşmə mənbəyi kimi əsasən banklar çıxış edir və burada əsas narahatlığı yüksək faizlər və sərt girov tələbləri doğurur: "Bununla yanaşı mikro və kiçik sahibkarlara banklar tərəfindən güzəştli kreditlərin verilməsinə marağın olmaması və sahibkarlara daxili öz kreditlərinin təklif olunması, eləcə də, çıxarışı olmayan torpaq sahələrinə güzəştli kreditlərin verilməməsi kimi hallarla əlaqəli müraciətlər daxil olmaqdadır".
KOBİA rəhbəri əlavə edib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən güzəştli kreditlərin əldə edilməsi zamanı zaminlik və rəsmi gəlir çətinliyinin olması da problemlər sırasında yer alır: "Başqa bir çətinlik isə regionlarda olan girov təminatının əksər hallarda banklar tərəfindən qəbul edilməməsidir. Biz bu problemlə bağlı həm Mərkəzi Bankla, həm də Banklar Assosiyasiyası ilə aktiv iş aparırıq".