“Azərsu” 72 mln. dollarlıq layihəni səmərəsiz icra edib" - Hesablama Palatası
Azərbaycan Hesablama Palatası “Azərsu”nun “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair səmərəlilik auditi aparıb.
Bu barədə "APA-Economics"ə Palatadan bildirilib. Bildirilib ki, layihənin məqsədləri, layihə ərazisində yaşayış standartlarının yaxşılaşdırılması və 40000,0 m³/gün gücündə olan Pirşağı Çirkab Sularının Təmizlənməsi Qurğusunun tikilməsi ilə Xəzər dənizinin suyunun keyfiyyətinin qorunmasından ibarət olub. Qurğunun 40000 m³/gün həcmində gücü ilkin olaraq təyin edilib, gələcəkdə Qurğunun gücünün 60000m³/gün səviyyəsinə çatdırılması planlaşdırılaraq əlavə 20000 m³/gün güc üçün Qurğunun ərazisində müvafiq yer nəzərdə tutulub.
Layihənin ümumi dəyəri 72,02 mln. ABŞ dolları, bundan kreditin məbləği 43,5 mln. ABŞ dolları (60,4%), Azərbaycan tərəfinin payı 28,52 mln. ABŞ dolları (39,6%) müəyyən edilib. Hesablama Palatası tərəfindən aparılmış auditlə çirkab suların təmizlənməsi probleminin həlli məqsədilə layihədən öncəki vəziyyət və sonrakı şəraitdə dəyişməli olan mühitin qiymətləndirilməsi aparılıb.
"Xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər səbəbindən əsas vəsait qismində deyil, kapitallaşdırılmış məsrəflər qismində uçota alınan qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50%-dən çox su miqdarı, eləcə də həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri gələcəkdə su sərfiyyatının qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verib"- HP qeyd edib.
Palata vurğulayıb ki, Layihənin istismar müddətinin, eləcə də qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanlarının itirilməsiylə yanaşı, Qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsi Qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaradıb.
Qurğunun tam gücü ilə təyinatı üzrə işləməməsi layihənin iqtisadi, ekoloji və sosial məqsədlərinə, DİM üzrə milli və beynəlxalq göstəricilər arasında uyğunsuzluq həmin göstəricilərin dəqiqləşdirilməsinin vacibliyini göstərib.
Bildirilib ki, qurğunun təyinatı üzrə tam gücü ilə fəaliyyət göstərməməsi layihənin ekoloji, sosial, və iqtisadi məqsədlərinə nail olunmamaqla yanaşı, qurğunun tikintisinə sərf olunmuş vəsaitlərin səmərəliliyinə də təsir etməklə həmin vəsaitlərin faydalılığı və nəticəliliyini azalda bilər.