Qlobal enerji təhlükəsizliyində Azərbaycanın rolu
Hazırda Azərbaycanın bərpaolunan enerjisinə geniş diqqətin ayrılması məmnunluq yaradır
Bu gün enerji təhlükəsizliyi qlobal gündəlikdə ən vacib məsələlərdəndir. Sevindirici haldır ki, bu gündəlikdə Azərbaycan dövlətinin enerji potensialı ən ön sırada və əsas diqqət mərkəzindədir. Bunu fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi tam deməyə əsas verir. Artıq enerji təhlükəsizliyi sahəsində Azərbaycan yeni səhifə açır. Bu haqda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında danışaraq enerji təhlükəsizliyinin önəmini vurğulayıb: “Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır”.
Bu iclaslarda müzakirə olunan məsələlərdə Azərbaycanın öz mövqeyini ortaya qoyması və milli maraqların qorunması xüsusi qeyd edilməlidir. Cənab Prezident təbdirdəki çıxşında enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini qeyd edib: “Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür”.
Nəzər çatdıraq ki, tədbirdə “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalar da keçirilib. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclası keçirilib.
Xatırladaq ki, tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Cənab Prezident çıxışında deyib ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Hazırda Azərbaycanın bərpaolunan enerjisinə geniş diqqətin ayrılması məmnunluq yaradır. Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropa İttifaqı ölkələrinin güclü elektrik enerjisi interkonnektorlarına ehtiyacları var. Bu baxımdan Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti önəmlidir. Belə ki, “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrasında dövlətimiz çox iddialı çıxşı edir. Bu layihə Avropanı əsasən enerji üçün Qara dənizin hər iki tərəfindən, eləcə də Xəzər dənizi regionu ilə bağlayacaq. Eyni zamanda, Azərbaycanın Avropa ilə enerji bağlılığını daha da artıracaq layihənin uğurlu icrası böyük məsuliyyət tələb edir. “Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik”,-deyə dövlətimizin başçısı öz qəti mövqeyini bildirib.
Azərbaycan dövləti öz enerji potensialından maksimum yararlanır. Hazırda ən önəmli məsələ bu sahədə dayanıqlılığı artırmaqdır. Bunun üçün Prezident İlham Əliyevin dediyi kimi, konseptual məsələlər öz həllini tapmalıdır. Onun fikrincə, fəaliyyət necə qurulmalıdır, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, bütün bu məsələlər razılaşdırılmalıdır. Gördüyümüz kimi, dövlətimizin başçısı hər bir tərəfdaş ölkəyə vəzifə və məsuliyyətini xatırladır. Bu, bir daha Azərbaycan Prezidentinin qətiyyətinin, planlı fəaliyyətinin, düşünlümüş addımlar atmasının əyani sübutudur.
Ağayev Nəbi Baba oğlu
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri