Neft qiymətləri çökür: ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırlaşır
ABŞ-ın dünyanın ən böyük neft istehsalçılarından olan Irana qarşı neft embarqosunu ləğv edəcək razılaşmaya yaxınlaşması ilə bağlı xəbərlər fonunda dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşür.
“Brent” neftinin fyuçersləri İranın baş müzakirəçisi Əli Baqeri Kaninin “nüvə proqramı üzrə razılaşmanın yaxınlaşdığını” elan etməsindən sonra bir barel üçün 95,95 dollardan 91,44 dollara düşüb.
Daha əvvəl “Əl-Cəzirə” xəbər verirdi ki, Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqlar başa çatmaq üzrədir.
Vaşinqtonda isə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan sazişin bərpa edilib-edilməyəcəyinə yaxın günlər qərar veriləcək.
Eyni zamanda qeyd olunur ki, İran dövlət şirkəti (NIOC) neft alışlarının bərpasını müzakirə etmək üçün əsas müştərilərlə əlaqə saxlayır.