Aqrar sahə müasir dövrümüzün əsas inkişaf istiqamətidir
Ruslan Vəliyev
ADAU-nun Təcrübə və Karyera Mərkəzinin mütəxəssisi
Ölkəmizdə iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun, xüsusilədə aqrar sektorun inkişafının təmin edilməsi dövlətimizin əsas prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın inkişafına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi xeyli artmışdır.
Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Buna misal olaraq kənd təsərrüfatının əsas sahələrindən olan əkinçiliyin, heyvandarlığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, istehsal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayəsinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsini göstərmək olar. Eləcə də, ölkənin ixrac potensialının yüsəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tədbiqində istehsalçı, emalçı və istehlakçı arasında qarşılıqlı əlaqənin fornalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır.
Aqrar sahənin inkişafını sürətləndirən amillərə fermerlərə dövlət dəstəyinin göstərilməsini, bu istiqamətdə aparılan hayihələri qeyd etmək olar. Dövlətimizin başçısının kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun hər keçən il böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, eyni zamanda mövcud olan texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına kömək edir. Həmçinin qeyd etmək lazımdır ki, subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb.
Ölkəmizdə kənd təsərrüfatının inkişafına yönəlmiş mühüm addımlardan biridə aqrar sığorta sisteminin tətbiqidir. Bu sığorta sistemi ölkə başçımızın “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanının icrası ilə əlaqədar tətbiq olunur.
Aqrar sektorun daha sürətli inkişafı üçün qarşıda duran mühüm vəzifə və öhdəliklər vardır ki, hal-hazırda da bu istiqamətd əhəmiyyətli layihələr icra olunur. Dağlıq Qarabağ zonasında olan ərazilərmizidə Ermənistanın hərbi təcavüzü nəticəsində əkin sahələrimizə və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına mənfi təsirləri müşahidə olunur. Bu təcavüz nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf olub, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası sıradan çıxıb. Ümumilikdə hərbi təcavüz yüz mindən çox fermerin həyatına mənfi təsir göstərib. Artıq o günlər geridə qalıb. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün ilkin işlərə, mühüm layihələrə başlanılıb. Bu torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.
Bu inkişafa Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “həyata keçirilən “Ağıllı kənd” layihəsi bu il aprelin 26-da dövlətimizin başçısı tərəfindən qoyulan layihənin icrası ilə bağlı hektarlarla ərazidə tikinti işləri aparılır. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq. Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək.
Burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. Kənddə biznes layihələri də icra olunacaq. Kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Burada quşçuluq təsərrüfatı da yaradılacaq. Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturu formalaşdırılacaq və beləliklə otel infrastrukturu qurulacaq.
Kənd təsərrüfatının inkişafını sürətləndirəcək digər layihə isə Zəngilanda həyata keçiriləcək “Dost Aqropark”dır. Üç mərhələdə icra olunacaq layihənin təməli bu il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. Türk və azərbaycanlı investorlar tərəfindən icra olunan layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində cins qaramalların yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Bunun nəticəsində də Azərbaycan kənd təsərrüfatı məhsulları baxımından artıq idxal prosesini zəiflədəcək, əsas ixracatçı ölkələr siyahısına daxil olacaq.
Bütün bunlarla yanaşı biz bu gün aqrar sahədə şəffaflığın, innovativ sistemlərdən istifadənin şahidi oluruq. Bu gün kənd təsərrüfatından söhbət getdikdə burada şəffaflıq, hesabatlılıq və operativlik kimi müasir vərdişlərə şahidlik edirik. Ölkə başçımızın müvafiq Fərmanına əsasən aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb. EKTİS-in yaradımasından sonra fermerlərimiz rahatlıqla qeydiyyatdan keçir, istənilən mövzuda məlumat əldə edir və ona operativ xidmət göstərilir. Bu sistemdə şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər.
Bu gün aqrar sahədə sevindirici məqamlardan biri isə burada idarəçiliyi gənc kadrların formalaşdırmasıdır. Aqrar gəncliyin idarəçilikdə yer alması aqrar sektorun inkişafının sürətləndirilməsinə xidmət edir. Bu gün kənd təsərrüfatında gənc kadrların (aqronom, baytar, qida eksperti, menecer) fəaliyyətini müşahidə edirik. Sözsüz ki, aqrar sahədə potensiallı kadr bazasının formalaşdırılmasında aqrar təhsilin mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin rolu böyükdür. Biz bu gün demək olar ki, bütün kənd təsərrüfatlarında, DAİM-lərdə, aqrar sahədə fəaliyyət göstərən müəssisələrdə ADAU-nun məzunlarının uğurlu fəaliyyətinin şahidi oluruq.
Aqrar sahədə gəncliyin inişafı istiqamətində ölkəmizdə mühüm layihələr icra olunur. Biz bunlara Aqrar İnkişaf Könüllüləri Təşkilatını, Aqrar Məşğulluğun Artırılması Layihəsini, dövlət və özəl qurumlarda təşkil olunan təcrübə proqramlarını, kənd təsərrüfatı sahəsində keçirilən yerli və beynəlxalq layihələri qeyd edə bilərik. Qürurverici məqam isə bu layihələrin dövlətmizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən dəstəklənməsidir. Ölkə başçımızın Azərbaycan Dövlət Aqrar Universitetinə etdiyi səfərləri, burada aqrar təhsilin çox sahəli inkişafı ilə bağlı verdiyi tapşırıqları, Aqrar İnkişaf Könüllüləri ilə görüşü, kənd təsərrüfatı sahəsində mühüm sənaye komplekslərinin təməlqoyma və açılış tədbirlərində şəxsən iştirak etməsi, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının fəaliyyətini dəstəkləməsi və ən əsası kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi mühüm Fərmanları ölkəmizdə aqrar sahənin yüksək inkişaf mərhələsini daha da sürətləndirir.