"Azərbaycan beynəlxalq idman arenasında növbəti uğurunu yazdı"
Bu fikirləri saytımıza açıqlamasında Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov deyib.
O, qeyd edib ki, "Azərbaycanın qədim və mədəniyyət beşiyi olan Gəncə şəhərində yeni tarix yazıldı:
"III MDB Oyunlarının təntənəli açılış mərasimi minlərlə tamaşaçının, yüzlərlə qonağın və beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzində baş tutdu
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak etdilər. Dövlət başçısının iştirakı bu tədbirin əhəmiyyətini bir daha vurğuladı və Azərbaycanın idmana verdiyi önəmi bütün dünyaya nümayiş etdirdi.
Gəncə stadionunu bürüyən ab-hava əsl bayram ovqatı yaratdı. İştirakçı ölkələrin bayraqları dalğalandı, idmançılar coşqu ilə meydana daxil oldular. Azərbaycanın zəngin musiqi və rəqs irsi xüsusi kompozisiyalarla təqdim olundu, lazer şouları və müasir texnologiyalarla müşayiət olunan səhnələr isə tədbirə möhtəşəm vizual effektlər qatdı.
Milli musiqi ilə sintez olunmuş rəqslər və folklor elementləri Azərbaycanın mədəni irsini bir daha nümayiş etdirdi. Bütün bu təqdimatlar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.
MDB ölkələrinin yüksək səviyyəli nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri də mərasimdə iştirak edərək Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini alqışladılar. Onlar Gəncənin bu möhtəşəm tədbirlə regionda idman və mədəniyyətin qovuşduğu mərkəzə çevrildiyini vurğuladılar.
Bu oyunlar təkcə idman yarışı deyil, həm də dostluq, sülh və həmrəylik mesajı kimi bütün dünyaya ünvanlanır. Azərbaycan isə bir daha sübut edir ki, böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir ölkədir."
Azeripress.az
Son xəbərlər
