AFFA Elvinlə Musaya sərt cəza verdi
Azərbaycan Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb.
Avrasiya.net xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında bildirilib.
Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı klub 3000 manat cərimələnib.
Sözügedən matçda baş verənlərlə bağlı "Qarabağ"ın oyunçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı da cəzasız qalmayıb. Təcavüzkar davranışa yol verən hər iki futbolçu biri şərti olmaqla 2 oyunluq cəzalanıb. Onlara üç ay sınaq müddəti təyin olunub. "Qarabağ" həmçinin futbolçularının hərəkətinə görə ümumilikdə 4000 manat cərimələnib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu da 800 manat ziyana düşüb.