Qələbə də qazana bilərdik - Qurbanov
Azarkeşlərə təşəkkür edirəm. Bu gün əsl futbol ab-havası var idi. Oyunçulara da minnətdarlığımı bildirirəm.
Avrasiya.net xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis görüşün sonlarında futbolçularda yorğunluğun hiss edildiyini bildirib:
"Qələbə də qazana bilərdik. Avropa ölkələrində rəhbərlər, futbolçular dəyişir, amma mexanizm davam edir. Bu önəmlidir. Bizim üçün asan deyil. Daha möhkəm olmaq üçün atacağımız addımlar vacibdir. Hər halda, Almaniya futbolu bu gün bizdən öndədir. 10-15 ildən sonra hansısa nəticəni verə bilərik. Məncə, ölkələri müqayisə etməyək, işimizi yaxşılaşdırmağa çalışaq".
Baş məşqçi məyus olmadığını vurğulayıb:
"Səfərdəki matça daha ciddi hazırlaşmalıyıq. Oyunçuların daha sağlam və hazırlıqlı olması önəmlidir. Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək lazımdır. Hardasa bu səviyyəyə yaxınlaşa biləcəyik".