Ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilib
Zəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, RİH başçısı aparatının məsul əməkdaşları, Azərbaycan Tibb Uiversitetinin prorektorları Sabir Əliyev, Zülfüqar Musabəyov, Tağı Əhmədov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Universitetlərin idman klublarının rəhbərləri iştirak edib və final oyunlarını izləyib.
Qonaqlar əvvəlcə Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin lövhəsinin önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsini yad ediblər.
Sonra milli olimpiya himninin sədaları altında voleybol komandaları zala daxil olub. Komandalar təmsil etdikləri universitetlərin lövhələri ilə sıralara düzüldükdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa edib. Bugün biz fəxrlə deyə bilərik ki, qalib ölkənin vətəndaşlarıyıq.
Turnirdə 7 ali təhsil müəssisələrinin tələbələri iştirak edib (Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, UNEC, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti və #Azərbaycan #Tibb #Universiteti)
Turnirin nəticələrinə görə #Azərbaycan #Tibb #Universitetinin komandası I yerə, Azərbaycan Dillər Universitetinin komandası II yerə, Azərbaycan Texniki Universitetinin komandası isə III yerə layiq görülüblər.
Qaliblər kubok, diplom və medallarla təltif olunublar. Eyni zamanda turnirdə iştirak edən bütün ali təhsil müəssisələrinin idman klublarının rəhbərlərinə turnirdə komandanı təmin etdiklərinə görə Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələr təqdim olunub. Tədbirdə çıxışlardan sonra Azərbaycan Milli Konservatoriyasının tələbəsi Aydan İlxaszadənin ifasında Vətənpərvərlik musiqiləri səslənib.