Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan tədbir keçirilib - Siyəzəndə
Oktyabrın 26-da Gənclər Evində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası Olimpiya Komitəsi – 30 il” adlı yubiley tədbiri keçirilib.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən məşqçi-müəllimlər, ümumtəhsil məktəblərinin Fiziki tərbiyə müəllimləri, idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov çıxış edərək ölkəmizdə Olimpiya hərəkatının tarixi və bu sahədə qazanılan nailiyyətlər haqqında məlumat verib. Tədbirdə, həmçinin Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Yavuz Əliyev, əməkdar məşqçilər Cavanşir Ağayev, Elman Abdullayev və digərləri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün ölkəmizin dünyanın aparıcı idman ölkəsi kimi tanınmasında Milli Olimpiya Komitəsinin özünəməxsus yeri var. Milli Olimpiya komitəsi 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, 1997-ci ildə MOK-a cənab İlham Əliyevin sədr seçilməsindən sonra Azərbaycanda olimpiya hərəkatı başlayır.
Bu müddət ərzində MOK beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və nailiyyətləri ilə seçilmiş, əhali arasında idmana marağın artmasında mühüm rol oynamışdır. Çıxışlardan sonra MOK-un yaradılmasının 30 illiyi münasibəti ilə rayonda bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə bir qrup məşqçi-müəllim fəxri fərmanlarla təltif olunublar. Sonda Olimpiya hərəkatından bəhs edən “Olimpiya Odisseyası” filmi nümayiş etdirilib.
#MilliOlimpiyaKomitəsi
#MOK30
#SiyəzənGİİ
#AZEsport
#AZEidman
#Gənclərİdman
#birkimibirlikdə