Azərbaycan millisi tarixi uğura imza atıb
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, İtaliyanın Yezolo şəhərində keçirilən WAKO uşaq, yeniyetmə və gənclərin dünya çempionatının son günündə milli komanda daha 1 qızıl medal qazanıb.
Bu, "Ağ canavar" ləqəbli Amin Quliyevdir. O, kikboksinqin "Low kick" versiyasının 60 kq çəki dərəcəsində türkiyəli Mustafa Soner Kılınça qalib gələrək, ardıcıl ikinci dəfə gənclər arasında dünya çempionu olub. Həmçinin, bu gün Vüqar Məmmədov "Low kick" (-60 kq) və Akif Quluzadə K1 (-57 kq) versiyalarının finalında uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, 38 idmançı ilə dünya çempionatına yollanmış Azərbaycanın yeniyetmə və gənclərdən ibarət millisi tarixi nəticəyə imza atıb. Bunlardan 20 idmançı Bakıya medalla dönəcək. Həmin medalların əyarı 7 qızıl, 6 gümüş və 7 bürünc medaldır. İndiyədək AKF idmançıları həm medal sayı, həm də əyar baxımından belə nəticə göstərməyib.
Bir daha xatırladaq ki, yeniyetmə və gənc dünya çempionlarımız bunlardır: Murad Gəncəliyev (K1, -45 kq), Rafiq Babazadə (K1, -48 kq), Sübhan Məmmədov (low kick, -45 kq), Ramal Zeynallı (low kick, -48 kq), Elvin Məmmədov (low kick, -54 kq), Amin Quliyev (low kick, -60 kq), Nizami Əliyev (kick light, -32 kq).
Rinat Qiyasov (low kick, -45 kq), Renat Qiyaslı (low kick, -51 kq), Vüqar Məmmədov (low kick, -60 kq), Akif Quluzadə (K1, -57 kq), Əli Cəfərli (full contact, -54 kq) Kənan Cəfərli (kick light, -57 kq) gümüş, Şükür Aslanlı (low kick, -42 kq), Mahmud Hüseynov (-57 kq), Nicat Ələkbərli (low kick, -63,5 kq), Səfərəli Vəhədov (low kick, -71 kq), Gülməmməd Səfərli (low kick, +81 kq), Elton Hüseynov (low kick, +91 kq), Murad Məmmədov (full contact, -60 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, ötən il Monteneqronun Budva şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.