Millətlər Liqası: Azərbaycan millisi bu gün Slovakiyanı qəbul edəcək
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Avrasiya.net-in məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.
"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq.
Azərbaycan seçməsi ilk görüşündə səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub, daha sonra isə Serbiyada Belarusla qolsuz bərabərə qalıb. I turda Serbiyada Belarusa 1:0 hesabı ilə qalib gələn qonaqlar ikinci qarşılaşmasında Qazaxıstana eyni hesabla uduzub. Bu yenilgidən sonra baş məşqçi Ştefan Tarkoviç istefaya göndərilib.
Azərbaycan millisi indiyədək Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bu matçların 5-də məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb. Komandanın qollarını Vadim Vasilyev və Zaur Tağızadə vurub.
Qrupun digər görüşündə Belarus Serbiyada Qazaxıstanla qarşılaşacaq.
UEFA Millətlər Liqası
C Liqası
3-cü qrup
20:00. Azərbaycan - Slovakiya
Baş hakim: Donatas Rumsas (Litva)
Bakı. "Dalğa Arena"