AFFA finalçıları cəzalandırdı
AFFA İntizam Komitəsi (İK) "Qarabağ" və "Zirə" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda baş verənlərlə bağlı qərarlanı açıqlayıb.
Avrasiya.net milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi azarkeşlərə görə 4000 manat məbləğində cərimələnib. Buna fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub. Tərəfdarlar matçda pirotexnikadan istifadə edərək klubu 800 manat da ziyana salıb.
İK nominal meydan sahibi olan "köhlən atlar"a təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün əlavə 3200 manat cərimə təyin edib.
"Zirə" klubu isə 1600 manat ödəyəcək. "Qartallar"ın məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına bir oyun əlavə olunub, klub bunun üçün 800 manat ziyana düşüb. Paytaxt təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalanıb və bu da 800 manat cəriməyə səbəb olub.