Çempionlar Liqası: 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulur
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Gecənin maraqla gözlənilən matçı İspaniyada Madrid "Atletiko"su ilə İngiltərənin "Mançester Yunayted" komandası arasında olacaq. "Vanda Metropolitano" stadionunda oynanılacaq görüşü rumıniyalı FIFA referisi Ovidiu Hatseqan idarə edəcək.
Vacib oyun öncəsi meydan sahiblərinin heyətində ciddi itkilər var. Antuan Qrizmann və Daniel Vass zədə, Yannik Karrasko isə cəza səbəbindən oynamayacaq. Xose Mariya Ximenesin isə meydana çıxması sual altındadır. Qonaqlarda isə eyni sözləri Erik Bayi və Edinson Kavani haqqında söyləmək olar.
Digər matçda isə Niderland "Ayaks"ı Portuqaliyada "Benfika" ilə qarşılaşacaq. "Eştadiu du Benfika" stadionundakı görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.
Lissabon təmsilçisində Haris Seferoviç, Amsterdam klubunda isə Marten Stekelenburq və Şon Klayber zədə səbəbindən oyunu buraxacaq.
Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
23 fevral
00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Qeyd edək ki, 1/8 finalın ilk 6 görüşündə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"ə 5:0, PSJ Fransada İspaniya "Real Madrid"inə 1:0, İngiltərə "Liverpul"u İtaliyada "İnter"ə 2:0, "Çelsi" İngiltərədə Fransanın "Lill" klubuna 2:0 hesabı ilə qalib gəlib, Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la, İtaliya "Yuventus"u isə İspaniyada "Vilyarreal"la eyni hesablı heç-heçəyə razılaşıb - 1:1.