Mebel sexində partlayışda ölənlərin sayı 10 oldu
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Adil Aydın oğlu Rüstəmov göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb.
Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatıb.
Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.