Bakıda uşaq tüfənglə 7 yaşlı dayısı oğlunu vurdu
Bakıda uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub.
Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.
Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.