Dünənki avtobus qəzasının təfərrüatı açıqlandı

Dünənki avtobus qəzasının təfərrüatı açıqlandıHəmin tur konkret bir tur şirkəti vasitəsilə təşkil edilməyib. Heç də hər kəs tur şirkətləri ilə səyahət etmək istəmir. Bəzən müəyyən qruplar öncədən getmək istədikləri yeri müəyyən edir, sadəcə nəqliyyat və turun maraqlı keçməsi üçün bələdçi istəyirlər. Həmin qrup da məhz mənə müraciət edib onların səfərləri üçün nəqliyyat və bələdçi təşkil etməyimi istədi. Mən özüm uzun müddətdir turizm sektorunda fəaliyyət göstərdiyim üçün həm bələdçiləri, həm də sürücüləri tanıyıram. Tur öncəsi həm bələdçini, həm də sürücünü istər təhlükəsizlik qaydaları ilə, istərsə də tur iştirakçılarına davranışla bağlı təlimatlandırırıq.

Avrasiya.net xəbər verir ki, bu sözləri Bakıdakı 279 saylı məktəbin şagird, müəllim və valideynlərindən ibarət qrupun Şamaxı ərazisində qəzaya düşməsi ilə bağlı Sfera.az-a danışan tur təşkilatçısı Murad Qəhrəmanov deyib.

O bildirib ki, yolda sürücü ilə tur iştirakçıları arasında mübahisə yaranıb:

“Qəzanın baş verdiyini eşitdiyim anda dərhal hadisə yerinə getdim. Məndə olan məlumata görə, iştirakçılar turdan gec qayıtmaq istəyiblər. Sürücü isə başqa bir işə tələsdiyini deyib. Yolda qrupla sürücü arasında mübahisə yaranıb. Sürücü qəzanın baş verdiyi yerdə dönməni düz hesablamadığı üçün qəza baş verib. Görüntülərdən də aydın görünür ki, sürücü yüksək sürətlə maşını idarə etdiyi üçün dönməni düzgün hesablaya bilməyib. Xoşbəxtlikdən avtobus yol kənarındakı səkiyə çırpılaraq uçuruma yuvarlanmaqdan xilas ola bilib”.

Müsahibimiz xəsarət alanların yaxınları tərəfindən aqressiya və şiddətə məruz qalması barədə də danışıb:

“Mən həmin insanları anlayıram. Hadisənin şoku və psixoloji təsirə görə aqressiv olmaları normaldır. Mən qəza sonrası həm hadisənin təfərrüatını öyrənmək, həm də xəsarət alan tur iştirakçıları ilə maraqlanmaq üçün orada idim. Xəsarət alanların yaxınlarından səbirli olmalarını, məsələni yoluna qoyacağımı desəm də, buna məhəl qoymayanlar oldu. Bəzi xəsarət alanların yaxınları mənə qarşı şiddət göstərdilər”.

Təşkilatçının sözlərinə görə, qəza ilə bağlı yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir:

“Təəssüf ki, hadisə ilə bağlı yanlış məlumatlar paylaşılıb. Hadisənin əsl üzünü bilmədən əsassız yalan məlumatlar paylaşmaq doğru deyil. Turda zərərçəkənlərin pulunun ödənilməməsinə dair yazılan məlumatlar doğru deyil”.