Polisi bıçaqlayan şəxsə hökm oxundu
Biləsuvar rayonunda polisi öldürməyə cəhddə təqsirləndirilən Sərvan Yaqubova hökm oxunub və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, hadisə 2021-ci il iyulun 30-da Biləsuvar rayonu ərazisində qeydə alınıb.
Belə ki, S.Yaqubov Cəbrayıl rayon sakini olan tanışı, polis serjantı Qurban Qurbanovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
S.Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.