Azərbaycanda ata uşağını qaçırdı - Nənə “102”yə zəng vurdu
Salyan rayonun Xıdırlı kəndində 5 il boyunca nənəsinin himayəsində yaşayan 11 yaşlı uşaq 22 yanvar 2022-cil il tarixdə bioloji atası tərəfindən dərsdən çıxarkən zor tətbiq edilərək əmisinin evinə aparılıb. Nənə mənə müraciət edərək uşağın qaçırıldığını bildirib.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” səhifəsində paylaşım edib.
O, uşağın nənəsinin Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng vurduğunu deyib:
“102 xidməti” qadının müraciətini qeydə alıb. Mən nənəyə Salyan İcra Hakimiyyəti yanında Qəyyumluq Komissiyasına müraciət etməsini tövsiyə etdim. Salyan İcra Hakimiyyəti yanında fəaliyyət göstərən aidiyyəti komissiya dərhal məsələyə reaksiya verib və əməkdaşlar uşağın yanına gedib.
Məlum olub ki, 5 il öncə ailə münaqişəsi nəticəsində azyaşlının anası intihar edib. Müəmmalı da olsa bu qətl kimi deyil, intihar kimi qiymətləndirilib. Uşaq israrla anasını atasının öldürdüyünü desə də intihar hadisəsidir”.
K.Ağazadə onu da qeyd edib ki, bu faciədən sonra azyaşlı nənə və xalalarının yanında yaşayıb:
“Ata isə məhkəmə qərarı ilə uşağın onunla birgə yaşaması qətnaməsini alıb. Əlbəttə, o zaman 7 yaşlı bir uşağın fikri məhkəmədə keçərli deyildi, amma baş verən hadisəyə də belə qərarın verilməsi nə dərəcədə doğru olduğunu artıq aidiyyəti komissiya deyə bilər.
Ata “mənə imkan verməyiblər görüşməyə” deyir. Anladım, ola bilər. Amma 5 ildə heç görmək mümkün olmayıb?!
Çox güman ki, uşağın nənəsigildə də ünsiyyət arzuolunmaz olub, amma bəs uşaq? Uşağı düşündünüzmü?! Uşaq dördüncü gündür ki, atanın yanındadır və ancaq atanı gördükdə çığırır və əsir. Ata uşağı məktəbə buraxmır. Deyir ki, uşağa evdə təhsil verəcək. Belə uşağı özünüzə sevdirəcəksiniz? Ata komissiyanın nümayəndələrinə də bildirir ki, həbs də edilsə də uşağı verməyək. Bir az öncə verilişlərin birində bu məsələ müzakirəyə çıxarılıb. Mən də canlı bağlantıya qoşuldum, münasibətimi bildirdim. Amma bu mövzuları ictimailəşdirməyə vadar edən səbəblər bu məsələdə məsuliyyət daşıyan qurumlardır. Mən düşünürəm ki, uşaq hər iki tərəfdən qısa müddətli də olsa uzaqlaşdırılmalıdır. Lütfən uşağa yardım edin, uşaqların müdafiəsinə qalxın. Lütfən uşaqları ailələrin düşmənçiliyinə, qərəzinə qurban verməyin. Onlar da Azərbaycan vətəndaşıdır, vətəndaşımızı qoruyaq”.