İlham Əliyev Qəbələdə açılış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.
Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Daha sonra Prezident “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Məlumata görə, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək.
Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub.
Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.
Xəstəxananın həyətində geniş yaşıllıq zolağı salınıb.
Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir səhiyyə müəssisəsinin istifadəyə verilməsi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 may və 2022-ci il 2 fevral tarixli sərəncamları ilə Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb. Tikinti işləri 2022-ci ilin sentyabrında başa çatdırılıb.
Məlumat verildi ki, dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Texnoloji ardıcıllığa uyğun olaraq lazımi hündürlükdə optimal qum-çınqıl qarışığından yol yatağının tikintisi, yola iki laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb.
Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması yeni binanın inşası zərurətini yaratmışdı. Bum qəsəbə tam orta məktəbinin tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Məktəb binası 26 sinif otağından, kimya, fizika və biologiya laboratoriyalarından, 2 informatika kabinetindən, 2 texnologiya otağından, gənclərin çağırışaqədərki hazırlıq kabinetindən, kitabxana, 195 yerlik akt zalı, idman zalı və 80 yerlik yeməkxanadan ibarətdir.
Yeni dövrün çağırışlarına uyğun olaraq, müasir məktəblərin qurulması Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Son 20 ildə Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər yaşayış məntəqələrində 3600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.