2021-ci ildə qarşıya qoyulan məqsədlərə çatdıq - Prezident
2021-ci il ölkəmiz üçün uğurlu il olub. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır.
Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində söyləyib.
Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyini vurğulayan dövlətimizin başçısı deyib:
“Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir”.
Prezident qeyd edib ki, bu il Azərbaycan Türk Şurasına sədrliyini uğurla başa vurdu.
“Bildiyiniz kimi, noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılmışdır və bu təşkilat Qoşulmama Hərəkatı kimi Azərbaycanın haqlı işində daim bizə dəstək olmuşdur, Ermənistan-Azərbaycan münaqişəsi dönəmində daim dəstək ifadə etmişdir və son zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklər ifadə olunmuşdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.