ABŞ hələ gözləmə mövqeyindədir
Tramp İranda etirazçıların öldürülməsinə görə müdaxilə ediləcəyinə dair bir neçə dəfə xəbərdarlıq etsə də, ABŞ-ın gözləmə mövqeyi bir sıra səbəblərdən qaynaqlana bilər.
Avrasiya.net xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, Vaşinqton hərbi müdaxilənin əks-effekt verə biləcəyindən – “xarici müdaxilə” qarşısında etirazların səngiməsindən ehtiyatlanır və prosesin tam “yetişməsini”, Trampın dediyi kimi, “kimin önə çıxacağını görmək” istəyir: etirazların ilk günlərində xarici müdaxilə rejimin “əlinə oynamaq” kimi görünürdüsə, repressiyaların güclənməsi fonunda bu mənzərə dəyişir, rejimə hərbi hücum etirazçılar tərəfindən dəstəklənə bilər: "İkinci, ABŞ-ın İranın hərbi müdaxiləyə cavabını proqnozlaşdırmaq çətinliyi ola bilər: 12 günlük müharibəyə qədər Tehranın “qisas hücumu” ənənəvi olaraq, Vaşinqtonla razılaşdırılmış və idarəolunan formada baş verirdi, lakin mövcud vəziyyətdə seçimi qalmayan rejim “tarana gedəcək” ki, bu da həm bölgədəki Amerika bazalarına, həm də İsrailə risklər yarada bilər.
Lakin rejimi dəyişmək imkanının yaranması fonunda ABŞ-ın hərbi müdaxilə ssenarisini işə salacağı ehtimalı hər keçən gün artır, mümkündür ki, Vaşinqton beynəlxalq legitimliyi tam qazanmaq üçün “qaçılmaz vəziyyətin” formalaşmasını gözləyir. ABŞ üçün etirazçıları qorumaq və onların dəstəyini qazanmaq məqsədilə İrana mümkün hərbi müdaxilədə iki hədəf - SEPAH da daxil olmaqla etirazçılara qarşı zorakılıq törədən təhlükəsizlik qüvvələri və hərbi rəhbərlik, prioritet ola bilər".
