Trampın növbəti hədəfi Qrenlandiya, İran, yoxsa Panama?

ABŞ-ın Venesuelada prezident Nikolas Madura qarşı keçirdiyi əməliyyatdan sonra beynəlxalq siyasi gündəmdə əsas müzakirə ABŞ-ın növbəti hədəfinin hansı ölkə ola biləcəyi ilə bağlıdır. Danimarka (Qrenlandiya), Kolumbiya, ümumilikdə Amerika qitəsində yerləşən dövlətlər, yoxsa İran?

Lakin ehtimalların analizi göstərir ki, ABŞ-ın yaxın perspektivdə prioriteti məhz Qrenlandiyadır. Əvvəla, Donald Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsindən dərhal sonra verdiyi ilk açıqlamalardan biri Danimarkanın Qrenlandiyası ilə bağlı iddiası idi.

Ancaq bununla yanaşı, ABŞ-ın Qrenlandiyanı hərbi yolla mənimsəməsi o qədər də inandırıcı deyil. Danimarka NATO üzvüdür və NATO-nun aparıcı ölkəsi olan ABŞ-ın alyans daxilində belə bir hərbi təcavüzə getməsi faktiki olaraq NATO-nun dağılması deməkdir. Bu isə öz növbəsində Avropanı Vaşinqtonun nəzarətindən tam çıxararaq, ABŞ-sız yeni güc mərkəzinin formalaşmasını sürətləndirəcək. NATO daxilində belə bir hərbi təcavüzün mümkünküyü ağlabatan deyil.

Paralel olaraq, əgər ABŞ Qrenlandiyanı hərbi yolla ilhaq edərsə, heç şübhəsiz ki, Rusiyanın Baltikyanı respublikalara, hətta Polşaya hərbi müdaxiləsi böyük ehtimalla gözləniləndir. Rusiya SSRİ-ni bu və ya digər formada bərpa etmək məqsədilə keçmiş sovet respublikalarına deyil, NATO ölkələrindən birinə hərbi müdaxilə etməsinin psixoloji-siyasi effektinin ən azı onun keçmiş sovet respublikalarına nüfuzunu bərpa edəcəyini hesablayır.

Ən əsası isə Qrenlandiyada və həmin regionda Rusiya və Çinin maraqları qabarıqdır. ABŞ-ın hərbi müdaxiləsi Rusiya və Çini də hərbi qarşıdurmaya sürükləyə bilər. Ona görə də ABŞ-ın Qrenlandiya ilə bağlı mümkün hərəkəti hərbi güc tətbiqindən daha çox güc nümayişi və siyasi təzyiq formasında ola bilər.
Real ssenari isə danışıqlar və qarşılıqlı kompromis yolu ilə regionun ortaq istismarı ola bilər. Yəni Trampın Qrenlandiyanı qazanmaq istəyi yüksək olsa da, bunun yalnız diplomatik müstəvidə mümkün olacağı daha realdır.

İran məsələsinə gəldikdə isə, İranda rejim dəyişikliyi ehtimalı yüksəkdir, lakin bu, İranın parçalanması və ya dövlət olaraq dağılması demək deyil (Cənubi Azərbaycan İranda ixtişaşlarda iştirak etmir). ABŞ və Qərb ölkələri ümumiyyətlə İranın dağılmasında maraqlı deyillər. Çünki İran regionda və İslam dünyasında, xüsusilə Türkiyə faktoruna qarşı müəyyən tarazlaşdırıcı funksiyanı yerinə yetirir. Mümkün rejim dəyişikliyi daha çox İranın Çin və Rusiya ilə strateji yaxınlığını zəiflətmək, onu ABŞ-a daha loyal bir xəttə yönəltmək məqsədi daşıyır. Bu kontekstdə İranın “ikinci Venesuela”ya çevrilməsi ssenarisi real görünmür. Ancaq rejim dəyişdirilməsi ssenarisi masadadır.

Yaxın zamanlarda Madura ssenarisinə uyğun hər hansı bir ölkədə oxşar əməliyyatların həyata keçirilməsi artıq əvvəlki dövrlər qədər asan və inandırıcı deyil. Risk dairəsinə aid dövlətlər bu tip əməliyyatlara qarşı daha hazırlıqlıdır və beynəlxalq konsolidasiya faktoru ciddi əngəl yaradır. Donald Trampın növbəti dəfə belə “asan qələbə” imkanları olduqca şübhəlidir.

Maduronun həbsinə baxmayaraq, ABŞ-ın Venesuelanı tam qazandığı qənaəti yanlışdır. Venesuela Ali Məhkəməsinin təsdiqi ilə prezident səlahiyyətlərinin icrasına başlayan vitse-prezident Delsi Rodriges Trampın təhdidlərinə rəğmən ABŞ tərəfdarlarına qarşı “təmizləyici” tədbirlərə start verib. Ümumiyyətlə, ABŞ-ın “Maduro əməliyyatı” özlüyündə nəinki ABŞ üçün, həm də bütün dünya üçün çox riskli təhlükələr gizlədir.

Trampın ən əsas hədəflərindən biri Panama kanalının tam şəkildə ABŞ-ın nəzarətinə keçməsidir. Vaşinqton üçün bu kanal təkcə iqtisadi deyil, həm də qlobal hərbi-logistik baxımdan strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdən yaxın dövrdə ABŞ-ın əsas diqqətinin Qrenlandiya, İran və Panama istiqamətində cəmlənməsi real ardıcıllıq ola bilər.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər