Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələdə
Strateji tərəfdaşlıq
"Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu səfər həm siyasi, həm iqtisadi, həm də regional əməkdaşlıq baxımından Azərbaycan–Slovakiya münasibətlərinə yeni strateji məzmun gətirərək tərəfləri daha yüksək tərəfdaşlıq səviyyəsinə yüksəldir. Həmçinin Azərbaycanın Avropadakı mövqelərinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
Strateji tərəfdaşlığa doğru yeni mərhələ
Bunu Avrasiya. net-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq klassik diplomatik əlaqələr çərçivəsindən çıxaraq strateji əməkdaşlıq xəttinə qədəm qoyur. "Səfər zamanı aparılan danışıqlar və imzalanan sənədlər bunu təsdiqləyir. Bu addım həm ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, həm də iqtisadi və təhlükəsizlik sahələrində qarşılıqlı maraqların uzlaşdırılması üçün geniş imkanlar yaradır",- o vurğulayıb.
Deputat əlavə edib ki, son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayan dövlətlərdən birinə çevrilib: "Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir ki, onların 8-i Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın qitə enerji xəritəsində xüsusi çəkisini artırır.
Slovakiya ilə enerji əməkdaşlığının genişləndirilməsi isə bu istiqamətdə yeni mərhələ kimi dəyərləndirilir. Azərbaycanın həm hasilat imkanları, həm də mövcud və planlaşdırılan ixrac marşrutları Slovakiyanın qaz təchizatının daha dayanıqlı və etibarlı şəkildə təmin edilməsinə şərait yaradır. Bu əməkdaşlıq Avropanın mənbə və marşrut müxtəlifliyinə töhfə verir.
Enerji ilə məhdudlaşmayan əməkdaşlıq: müdafiə sənayesi və Orta Dəhliz
Azərbaycan–Slovakiya əlaqələrinin perspektivləri yalnız enerji sektoru ilə bitmir. Səfər çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb ki, bu da iki ölkənin təhlükəsizlik və texnoloji potensialına müsbət təsir göstərə bilər.
Eyni zamanda, Şərq–Qərb Orta Dəhlizinin imkanları Slovakiya üçün böyük logistika üstünlükləri yaradır. Azərbaycanın yaratdığı dayanıqlı nəqliyyat infrastrukturu Avropanı Mərkəzi Asiya və Uzaq Şərqlə birləşdirən əsas marşrut rolunu oynayır. Slovakiyanın bu dəhlizdə aktiv iştirak etməsi həm ölkənin tranzit mövqeyini gücləndirə, həm də ikitərəfli iqtisadi əməkdaşlığın həcmini genişləndirə bilər.
Slovakiyaya səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın Avropadakı nüfuzunun artması kontekstində xüsusi əhəmiyyət daşıyır. Son illər Azərbaycan həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik sahələrində yaratdığı yeni reallıqlar sayəsində regional və qlobal səviyyədə mühüm aktora çevrilib. Avropa dövlətləri ilə genişlənən tərəfdaşlıq bu reallığın bir nəticəsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında münasibətləri strateji səviyyəyə yüksəltməklə yanaşı, Azərbaycanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyində rolunu daha da gücləndirir. Enerji, müdafiə sənayesi, logistika və digər sahələrdə geniş əməkdaşlıq imkanları ikitərəfli əlaqələrin dinamik inkişafına xidmət edəcək. Bu səfər Azərbaycanın geosiyasi mövqeyinin və qitədə artan nüfuzunun daha bir göstəricisi kimi yadda qalacaq".
Mürtəza
