Almaniyada Türk dünyası qurbanlarının xatirəsinə anım mərasimi keçirildi
Faşist Almaniyasının Dachau Toplama Düşərgəsində Türk dünyasından olan qurbanların xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirdə Almaniyada fəaliyyət göstərən türk icmalarının nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gənclər təşkilatının rəhbəri Taleh Babayev və təşkilatın bir sıra üzvləri iştirak ediblər.
Tədbir Türk Dərnəkləri İnisiyatifi adından Eyüp TANRIVERDİ tərəfindən təşkil olunub.
“Bu faciə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir”
Anım mərasimində Dachau düşərgəsinin rəhbəri Dr. Hammermann, elmi məsul Dr. Riedel və Türk Dərnəkləri İnisiyatifinin nümayəndələri çıxış ediblər.
Çıxışlarda Dachau düşərgəsinin insanlıq tarixində oynadığı faciəvi rol vurğulanıb və burada minlərlə günahsız insanın, o cümlədən Türk dünyasından olan əsirlərin yaşadığı iztirablar xatırladılıb.
1933-cü ildə qurulan Dachau Toplama Düşərgəsi 1945-ci ilin 29 aprelində azad edilənədək yüz minlərlə insanın zorla çalışdırıldığı, işgəncələrə məruz qaldığı və həyatını itirdiyi yer olub. Arxiv məlumatlarına görə, düşərgənin son günlərində – 16–26 aprel 1945 tarixlərində – 65 min məhbus arasında 81–86 türk əsilli şəxs də olub.
Tədbirdə xüsusilə Budapeştdə Mətbuat attaşesi vəzifəsində çalışarkən həbs edilərək Dachauya gətirilən türk diplomatı Dr. Gün Nerin Emrullahın xatirəsi anılıb. O, sonradan sağ qalaraq bu anım mərasimlərinin təşkilinə öncülük etmişdi.
Türk dünyasından gələn acı səslər
Çıxışlarda qeyd olunub ki, Dachau düşərgəsində təkcə Türkiyə vətəndaşları deyil, həm də Sovet ordusunun tərkibindəki Türküstan mənşəli minlərlə əsir – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Tatarıstan, Başqırdıstan və Krımdan olan insanlar – aclıq, işgəncə və ölümə məhkum ediliblər.
Onlardan biri – Mustakim Mustafayeviç Baybulatov – və adları tarixə düşməyən saysız-hesabsız türk əsilli məhbus güllələnərək və ya krematoriyumlarda yandırılaraq həyatlarını itiriblər.
“Bir daha belə faciə təkrarlanmamalıdır”
Tədbirin sonunda Türk Dünyası Dərnəkləri İnisiyatifi tərəfindən Dachau Muzeyində xatirə lövhəsi açılıb. Bu lövhə, faşizm qurbanlarının xatirəsinə həsr olunmaqla yanaşı, gələcək nəsillərə insanlıq borcunu xatırlatmaq məqsədi daşıyır.
Tədbir “El-Fatihə” duası ilə başa çatıb.
Təşkilatçılar bir daha vurğulayıblar ki, “bir daha belə bir faciə təkrarlanmamalıdır.”



Son xəbərlər
