Azərbaycanın beynəlxalq konfliktlərdə hərbi iştirakı mümkündürmü?


44 günlük Vətən müharibəsindən, 2023-cü il birgünlük antiterror əməliyyatından sonra Azərbaycan təkcə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, həm də regionun hərbi-siyasi reallıqlarını yenidən formalaşdırdı və regional təhlükəsizlik dayağı kimi, yeni dünya düzənində proseslərə təsir imkanı əldə etdi.

​Reallıq budur ki, bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın ordusunun regional miqyasdan da geniş, daha doğrusu, beynəlxalq sülhün və sabitliyin təminatçısı kimi iştirakına ehtiyacını gizlətmir. Hal-hazırda Azərbaycan beynəlxalq konfliktlərdə sülhməramlı qüvvə kimi qəbul edilə bilən nadir müsəlman dövləti statusundadır. Bunun əsas səbəbi Azərbaycanın hərbi gücü ilə yanaşı, balanslı beynəlxalq siyasəti, neytrallıq və beynəlxalq hüquqa əsaslanan xarici siyasi xəttidir.

​Həmçinin Azərbaycanın sülhməramlı kimi uğurlu Əfqanıstan təcrübəsi var. Bu da Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına inteqrasiyasının başlanğıcı idi.
Hətta Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində, həmçinin Türkiyə ilə birlikdə Somali, Cibuti sahillərində piratlığa qarşı mübarizə təlimlərində loqistik-texniki iştirakı ilə bağlı məlumatlar var.

​Son dövrlərdə Azərbaycanın Suriyada, Qəzzada və hətta Ukraynada mümkün sülhməramlı fəaliyyəti barədə müzakirələrin beynəlxalq səviyyədə aktuallaşması təsadüfi deyil. Azərbaycan bu gün həm müsəlman dünyasında qəbul edilən, həm də İsrail, Türkiyə və Qərb strukturları ilə strateji tərəfdaşlıq qura bilən yeganə dövlətdir. Belə bir şəraitdə Azərbaycan Ordusunun sülhməramlı kimi iştirakı yalnız hərbi yox, diplomatik balansın qorunması baxımından da mühüm rol oynaya bilər. Yəni, rəsmi Bakı konfliktlərdə nə tərəf, nə vasitəçi, nə də müşahidəçi deyil, sabitlik gücü kimi çıxış edəcək.

​Ukrayna istiqamətində də Azərbaycanın iştirakı mümkün hesab edilir. Həm Rusiya ilə strateji təhlükəsizlik əməkdaşlığı, həm də Ukraynaya humanitar dəstək siyasətini davam etdirən Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə birmənalı yanaşması, ona Ukrayna və Rusiya arasında sülhməramlı mandatı qazandıra bilər.

​Geosiyasi baxımdan, Azərbaycanın qlobal konfliktlərdə hərbi iştirakı, beynəlxalq hüququn icraçısı, regionda sabitliyin təminatçısı kimi, onun beynəlxalq nüfuzunu artırır, müttəfiqlik əlaqələrini möhkəmləndirir və dövlətin qlobal güc mərkəzinə çevrilməsi prosesini sürətləndirir. Bu da milli maraqların təminatı üçün yeni diplomatik vasitə imkanları vəd edir. Yəni, nəticə etibarilə Azərbaycanın beynəlxalq konfliktlərdə sülhməramlı adı altında iştirakı, milli maraqların qlobal təhlükəsizlik məsuliyyəti ilə sintezi - birləşməsi deməkdir. Beynəlxalq konfliktlərdə sülhməramlı kimi iştirak, təkcə hərbi və diplomatik məsələ deyil, həm də ideoloji və psixoloji üstünlükdür.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər