Yaxın Şərqdə atəşkəs: Ankara və Bakının rolu - növbədə Ukraynadır

Mürtəza Bünyadlı
Siyasi ekspert


Misirdə Yaxın Şərq Sülh Sammiti çərçivəsində ABŞ, Türkiyə, Qətər və Misir liderlərinin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin imzalanması dünyada tamamilə yeni geosiyasi reallıq formalaşdırdı. Bu reallıq həm qlobal, həm də regional miqyasda öz şərtlərini diktə edəcək və dövlətlər siyasətini bu çağırışlara uyğun şəkildə yenidən nəzərdən keçirməli olacaqlar.

Yeni vəziyyət təkcə Yaxın Şərqin yenidən dizaynı və burada rol alacaq aktorlar baxımından deyil, ümumilikdə yeni dünya nizamının formalaşması kontekstində də mühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə oxşar proseslərin dünyanın digər böhran ocaqlarında da təkrarlanması istisna deyil.

ABŞ-nin yeni planı: liderlik, amma məsuliyyəti bölüşdürmək

İlk növbədə Yaxın Şərq Sülh Sammitinə və onun nəticələrinə diqqət yetirək. Burada əsas sual ondan ibarətdir ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin təminində iştirakçı ölkələrin maraqları necə nəzərə alınacaq. Təbii ki, proseslər ABŞ-nin liderliyi ilə baş verəcək. Lakin sammit zamanı ABŞ Prezidenti Donald Trampın bəyanatlarından aydın olur ki, Vaşinqton bölgənin yenidən formalaşdırılmasında daha çox məsuliyyəti Ankaranın üzərinə qoymaq niyyətindədir.

Ağ Evin yeni dünya nizamında Avrasiya coğrafiyası üçün Türkiyə ilə bağlı ciddi planları var. Vaşinqton bundan sonrakı mərhələdə Avrasiya və Afrika regionlarında geosiyasi maraqlarının təminində Ankara ilə sıx əməkdaşlıq qurmaqda maraqlıdır. Trampın tez-tez Türkiyənin hərbi gücünə və regional təsirinə dair müsbət açıqlamaları da bunu təsdiqləyir.

ABŞ artıq Yaxın Şərqdə İsrail–İran böhranı, Suriya məsələsi, eləcə də Cənubi Qafqazda Ermənistan–Azərbaycan sülh prosesi kimi məsələlərdə Ankaranın rolundan faydalanıb. Növbəti mərhələdə isə Ağ Ev Mərkəzi Asiyada və Rusiya–Ukrayna münaqişəsində də Türkiyənin vasitəçi rolunu gücləndirmək niyyətindədir.

Azərbaycanın rolu: "Orta güc"ün təsdiqi

Digər mühüm məqam isə Azərbaycanın Yaxın Şərqdə formalaşan bu yeni reallıqda iştirakıdır. Bakı artıq bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın qurulmasında aktiv rol almaqdadır. Azərbaycanın bütün Yaxın Şərq ölkələri ilə balanslı və yaxşı münasibətləri var ki, bu da onun xarici siyasətinin əsas üstünlüklərindən biridir.

Çoxvektorlu və uğurlu diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunu artırıb və onu qlobal proseslərin fəal iştirakçısına çevirib. Azərbaycanın “orta güc” statusu artıq ABŞ və digər aparıcı dövlətlər tərəfindən tanınır. Bu isə o deməkdir ki, Bakı gələcəkdə təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və hətta Rusiya–Ukrayna münaqişəsi kimi məsələlərdə də mühüm oyunçuya çevrilə bilər.

Trampın növbəti hədəfi: Rusiya–Ukrayna müharibəsi

Qəzzada atəşkəs razılaşmasının ardınca Tramp administrasiyasının növbəti strateji məqsədi Rusiya–Ukrayna müharibəsində atəşkəsin əldə olunmasıdır. Son aylarda Tramp Kiyevlə münasibətləri yaxınlaşdıraraq Kremlin üzərinə diplomatik təzyiqləri artırıb.

Siyasi təzyiqlərin nəticə vermədiyini görən Ağ Ev indi Rusiyaya qarşı daha sərt sanksiyalar, hərbi-psixoloji təzyiqlər və Ukraynaya “Tomahavk” uzaqmənzilli raketlərinin verilməsi variantını gündəmdə saxlayır. Tramp administrasiyası Kiyevlə sıx diplomatik əlaqələr qurub; oktyabrın 17-nə planlaşdırılan Tramp–Zelenski görüşündə əsas müzakirə mövzusu da məhz atəşkəsin əldə olunması və Ukraynaya hərbi dəstəyin artırılması olacaq.

Bu proseslərin fonunda ABŞ-nin məqsədi Kremli atəşkəsə vadar etməkdir. Tramp bunu Ankaranın vasitəçi rolundan da istifadə etməklə həyata keçirmək niyyətindədir. Prezident Tramp Misirdən Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlamasında da bildirib:

“Rusiya Prezidenti Vladimir Putin Ərdoğana hörmət edir. O, mənim dostumdur və böhranın həllinə kömək edə bilər.”

Çin amili və növbəti mərhələ

Vaşinqton bundan sonra Kremli təcrid etmək məqsədilə onun əsas müttəfiqlərindən biri olan Pekinlə də diplomatik oyun quracaq. Hazırda Rusiya üçün ən vacib siyasi və iqtisadi dayaqlardan biri Çindir. Qərb yaxşı anlayır ki, Pekini Moskvanın dəstəyindən uzaqlaşdırmadan Ukrayna müharibəsində dönüş əldə etmək çətindir.

Bu səbəbdən Ağ Ev və kollektiv Qərb Çinlə müəyyən anlaşmaya gedərək onu sülh prosesinə cəlb etməyə çalışa bilər. Əgər bu alınarsa, Pekin Kremlə təsir göstərərək atəşkəsə razı salmaqda konstruktiv rol oynaya bilər.

Beləliklə, Yaxın Şərqdə əldə olunan atəşkəs qlobal güc balansında yeni mərhələnin başlanğıcıdır. ABŞ liderliyində, Ankaranın fəal iştirakı və Bakının yüksələn rolu ilə formalaşan bu yeni geosiyasi nizam növbəti mərhələdə Ukrayna cəbhəsində də öz təsirini göstərə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər