“Orion” əməliyyatında 225 ton kokain və 228 ton marixuananı müsadirə edilib
Kolumbiya Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Orlando Enrike Qrisales 60-dan çox ölkənin iştirak etdiyi “Orion” hərbi dəniz əməliyyatının uğurla həyata keçirilməsi barədə məlumat verib. Nəticədə 225 ton kokain və 228 ton marixuananı müsadirə etmək mümkün olub.
Admiral həmçinin qeyd edib ki, 45 günlük əməliyyat zamanı Kolumbiyadan Avstraliyaya qədər əvvəllər məlum olmayan dəniz narkotik ticarəti marşrutu aşkarlanıb.
Hərbçilərin fikrincə, tutulan taxta yarımdalma gəmiləri okeanda yanacaq doldurmadan Okeaniyaya çata bilərdi.
“Orion” əməliyyatında iştirak edən ölkələr həmçinin Meksika, Braziliya, Kolumbiya, Ekvador və Perudan olan cinayətkar qrupların Avropa və Okeaniya narkotik mafiyaları ilə yeni əlaqələri aşkar ediblər. Hüquq-mühafizə orqanları və hərbçilər dünya üzrə 400-dən çox insanı həbs edib.
Qeyd edilir ki, Kolumbiya dünyada ən çox kokain ixrac edən ölkədir. BMT-nin məlumatına görə, kokain istehsalı 2023-cü ildə 53% artaraq ildə 2600 tona çatıb.