HƏMAS-ın yeni lideri Yəhya Sinvar ÖLÜB - İDDİA
HƏMAS Siyasi Bürosunun lideri Yəhya Sinvarın öldüyü ilə bağlı iddialar yayılıb.
İsrail dövlət televiziyası KAN-da yayımlanan xəbərdə İsrailin Sinvarın ölüb-ölmədiyini araşdırdığı, lakin bu iddianı dəstəkləyəcək heç bir təsdiqlənmiş kəşfiyyat məlumatının olmadığı bildirilib.
Sinvar İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra gecə vaxtı hava zərbəsi ilə öldürülən İsmayıl Haniyənin yerinə seçilib. Onun Qəzzadakı əməliyyatlarda həyatını itirdiyi iddia edilir.
“The Jerusalem Post”a danışan mənbələr İsrail Müdafiə Qüvvələrinin (IDF) Sinvarı öldürmək üçün sui-qəsd planının olmadığını bildirib.
Qeyd edək ki, 7 oktyabr hücumlarının arxasında duran ad kimi Yəhya Sinvar göstərilir. 1962-ci ildə Qəzza zolağındakı Xan Yunis şəhərində yerləşən qaçqınlar düşərgəsində doğulan Yəhya Sinvar HƏMAS-ın qurucu üzvlərindən biri kimi qruplaşmanın formalaşmasında mühüm rol oynayıb.
1980-ci illərin sonunda HƏMAS-a qoşulan Sinvar qısa müddətdə təşkilatın təhlükəsizlik qolunun rəhbəri olub. Ömürlük həbsə məhkum edilən və 22 ilini İsrail həbsxanalarında keçirən Sinvar 2011-ci ildə Gilad Şalit mübadiləsi çərçivəsində azad edilib.