Belçika da Ukraynaya silah göndərir
Dərc olunub:
23-04-2022, 03:35
Belçika Ukraynanı M109 tank əleyhinə raketlər və artilleriya vasitələri ilə təmin etmək niyyətindədir.
Bu barədə "Le Soir" qəzeti məlumat yayıb.
Bildirilir ki, krallıq uzun müzakirələrdən sonra qərar qəbul edib, lakin ölkə rəhbərliyi “strateji səbəblərdən” tədarükün həcmi ilə bağlı təfərrüatları açıqlamaq niyyətində deyil.
Ölkənin müdafiə naziri Ludivine Dedonderin sözlərinə görə, bu silahlar xüsusi olaraq Belçikanın yerli şirkətlərindən əldə edilən ehtiyatlardan alınacaq.
Nəşr onu da qeyd edib ki, 2022-ci il fevralın 24-dən Belçika Ukraynaya 5 min FNC avtomatı, 200 tank əleyhinə silah, 3,8 min ton yanacaq və sürtkü materialları daxil olmaqla 76 milyon avro dəyərində hərbi yardım edib.