Misir-Azərbaycan Dostluq Cəmiyyətində iftar süfrəsi təşkil edilib
Misir ictimaiyyətinin nümayəndələri, cəmiyyətin nəzdindəki kurslarda təhsil alan müxtəlif ölkələrdən olan tələbələr, diaspor təmsilçiləri və media nümayəndələrinin müqəddəs Ramazan ayında bir araya gəldiyi iftar süfrəsində çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirov azərbaycanlı və misirlilərin oxşar Ramazan adət-ənənələrindən, tarixi əlaqələrindən, bənzər toponimləri və ortaq İslam dəyərlərindən bəhs edib. O diqqətə çatdırıb ki, iki dost ölkənin xalqları arasında qədim bağlar bu gün də möhkəmlənir, əməkdaşlıq gündən-günə inkişaf edir.
Sonra iştirakçılar Azərbaycan Sahibkarlar Konfederasiyasının Misir, Səudiyyə Ərəbistanı və Sudan üzrə nümayəndəsi Ceyhun Xəlilovun təşkil etdiyi iftar süfrəsində oruclarını açıblar.
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyəti öz ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayında tələbələr və imkansız şəxslərə ərzaq yardımları təşkil edir.