2022-ci ildə bu bölgələrdə müharibələr başlaya bilər
ABŞ-ın “Foreign Policy” jurnalı 2022-ci ildə silahlı münaqişələrin başlaya biləcəyi - planetin “barut çəlləkləri”nin siyahısını hazırlayıb.
Axar.az xəbər verir ki, siyahıda Afrika ölkəsi Efiopiyanın adı birinci çəkilib. Belə ki, bu ölkədə hökumət qüvvələri ilə Tiqray üsyançıları arasındakı toqquşmaların alovlana biləcəyi ehtimal edilir.
Məqalə müəllifləri belə hesab edirlər ki, Afrikadakı potensial müharibələr qitədəki müxtəlif radikal islamçı hərəkatlar tərəfindən də baş verə bilər.
Daha sonra Tayvan bölgəsində və ya Cənubi Çin dənizində ABŞ-Çin döyüş təyyarələri ilə təsadüfi insidentin bu böyük dövlətlər arasında gərginliyin artmasına və böyük müharibənin başlanmasına səbəb ola biləcəyi vurğulanıb. Qeyd olunub ki, 2001-ci ildə iki ölkənin təyyarələri toqquşanda vəziyyəti nizamlamaq üçün aylarla intensiv diplomatik təmas lazım olmuşdu.
Vaşinqton və Tehran arasında da nüvə danışıqlarının uğursuzluğu ABŞ üçün acı həb ola bilər. Belə ki, İran uranı zənginləşdirməyə davam edəcək və güclü kütləvi qırğın silahları yaradacaq, bundan sonra ABŞ və İsrail Tehranın nüvə potensialını zəiflətmək üçün ölkə ərazisinə hava zərbələri endirməli olacaqlar.
Bundan başqa, məqalə müəllifləri NATO-nun Şərqi Avropaya genişlənməsi və hərbi inkişafı ilə əlaqədar Ukraynanı da siyahıya əlavə ediblər.