Milli Məclis Fransa ilə bağlı bəyanat qəbul etdi
Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
Avrasiya.net xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı Ramin Məmmədov oxuyub.
Bəyanatda deyilir:
“Azərbaycan Fransanı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərə hörmət etməyə çağırır. 30 il işğala göz yuman, səs verdiyi qətnamələri Ermənistandan tələb etməyən Fransa bu gün Ermənistanın ərazi bütövlüyünün pozulduğunu bildirir. Fransa Senatının bu kimi çıxışları Cənubi Qafqazda sülhə mane olmaq niyyəti daşıyır.
Müstəmləkə illərində Fransanın törətdiyi soyqırımıları hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var. Bu kimi hadisələr təbii ki, Fransanın siyasi tarixindən silinməyəcək. Əlcəzairdə bir milyondan çox insan Fransa tərəfindən qətlə yetirilib.
Eyni zamanda hələ də mina xəritələrini Fransa Əlcazairə düzgün təqdim etməyib. Bu gün dünyada minadan əziyyət çəkən ölkələrdən biri də Əlcəzairdir. Fransanın rolunu hazırda Cənubi Qafqazda Ermənistan davam etdirir. Bu gün Ermənistan hələ də düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib. Qondarma dövlətdə əhalinin insan hüquqlarını tələb edən Fransanın hüquqdan danışmağa haqqı yoxdur. Fransada irqçi, müsəlmanlara qarşı fobiyanın olması hər kəsə məlumdur".
Bəyanatda, həmçinin Milli Məclisin bir sıra təkliflər irəli sürdüyü qeyd olunub. Həmin təkliflər aşağıdakılardır:
Fransanın Azərbaycan-Ermənistan danşıqlar prosesinə cəlb edilməsinə icazə verilməməsi,
Fransa- Azərbaycan əlaqələrinə bir daha baxılması,
Fransanın Azərbaycanda hansısa aktivləri aşkar edilərsə, onların dondurulması,
Fransa şirkətlərinin enerji sektorunda Azərbaycanla əməkdaşlığına yenidən baxılması,
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransa cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırsın,
Türk Dövlətləri Təşkilatı çərçivəsində Fransanın türkofobiya siyasəti qaldırılsın,
İslam Əməkdaşlıq Təşkilatı(İƏT) çərçivəsində Fransanın islamafobiya siyasətinin gündəliyə çıxarılsın.
Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.