Şarl Mişeldən üçtərəfli görüşlə bağlı bəyanat
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.
Axar.az-ın xəbərinə görə, bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Şarl Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb.
Qeyd edilir ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndiriblər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.