ADAU-da yeni ixtisas açılıb2022/2023-cü tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə tələbə qəbulu elan edilib.

Yer planetində təbii xarakterli fəlakətlərin intensivləşməsi, o cümlədən müasir hərbi arsenalın texniki imkanlarının hədsiz yüklənməsi insanların həyatı üçün təhlükə mənbələrini çoxaldıb. Nəzərə alsaq ki, bu tip təhlükələr insanların normal yaşayışı və qida mənbələrini də təhlükə altına salır. Təbiətdə baş verən hadisələrin təsirilə bütün dünyada, o cümlədən ölkəmizdə də bitkiçilik və heyvandarlıq məhsulları istehsalının təhlükə ehtimallarını artırır.

Bu məqsədlə qabaqlayıcı tədbirlərinin elmi əsaslarla aparılması insan həyatı və ərzaq təhlükəsizliyinin əsasını təşkil edir.

Azərbaycan Dövlət Aqrar Universitetində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə mütəxəssis hazırlığı üçün eyni adlı kafedra fəaliyyət göstərir. Universitetin bütün ixtisaslarında olduğu kimi yeni ixtisas üzrə də mütəxəssis hazırlığı üçün hərtərəfli şərait yaradılıb.

Universitetin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında fəaliyyət göstərən 10 nəfər pedoqoji heyətin 1 nəfəri professor, 5 nəfəri isə dosentdir. Kafedranın əməkdaşları uzun illər ərzində mütəxəssis hazırlığı sahəsində səmərəli fəaliyyət göstərməklə dərin təcrübəyə malikdirlər.

Əziz abituryentlər!

Sizləri Azərbaycan Dövlət Aqrar Universitetində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasında təhsil almağa dəvət edirik. Universitetimizin əsaslı bazasından istifadə etməklə aldığınız ixtisas üzrə mükəmməl mütəxəssis olaraq Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturlarında uğurla fəaliyyət göstərə bilərsiz.
Agentlikdə QHT fəaliyyətinini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT fəaliyyətinini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib.

18 iyul tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT fəaliyyətinini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib.
İctimai müzakirədə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov, Agentliyin Müşahidə Şurasının üzvləri və qeyri-hökumət təşkilatları iştirak ediblər.

Müzakirəyə açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva mövzunun vacibliyini vurğulayaraq, bildirib ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik sənədlərinin zamanın tələbinə uyğun təkmilləşdirilməsi olduqca vacib məsələdir. Əminik ki, bu gün Agentliyin təşkilatçılığı ilə keçirilən ictimai müzakirə QHT fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daha da təkmilləşdirilməsində faydalı olacaq.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, ölkədə hüquqi dövlət quruculuğu sahəsində atılan addımlar, Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranması qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin təkminləşdirilməsini zəruri etmişdir. V.Quliyev ictimai müzakirənin əhəmiyyətini qeyd edərək, iştirakçılar tərəfindən səsləndirilən bütün təkliflərin təhlil ediləcəyini bildirmişdir.

Çıxış edən Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov bildirib ki, Azərbaycanda son illər müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri edir.

Sonda Agentliyin Müşahidə Şurasının üzvləri - İsrayıl İsgəndərov, Zaur İbrahimov, Günel Səfərova, Nurəddin Mehdiyev, QHT rəhbərləri - “Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyinin sədri Samir İsayev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının sədri Sahib Məmmədov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar ictimai birliyin sədri İlqar Hüseynli, “Demokratiyanı Öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin sədri Əhməd Abbasbəyli, “İctimai İştirakçılığın Dəstəklənməsi” ictimai birliyin sədri Şaban Nəsirov, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri Cəsarət Hüseynzadə, “MG Consulting Azerbaijan” ictimai birliyin sədri Məhəmməd Quluzadə, “İnsan Haqları Klubu” ictimai birliyin sədri Rəsul Cəfərov, “Hüquqi Təşəbbüslər Mərkəzi” ictimai birliyin sədri Ziya Quliyev, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyin sədri Səadət Bənənyarlı tədbirdə çıxış edərək bildiriblər ki, qanunvericilikdə edilən yeniliklər vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcəkdir.


#QhtAgentliyi #NgoAgency #ictimaimüzakirə
"Eurohome"da kombi satan şəxs qətlə yetirildiPaytaxtın Binəqədi rayonunda yerləşən ticarət mərkəzində qətl törədilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində yerləşən “EuroHome” ticarət mərkəzində baş verib.

Belə ki, kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları axtarışa başlayıb.
Abdin Fərzəliyevin nəzarətindəki qurum vergidən necə yayınır?Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati İstehsalat-İstismarı Təmiri Birliyinin dövlətə vergi borcu üzə çıxıb.

AMİA.AZ-ın əldə etdiyi məlumata görə, İcra Hakimiyytinin tərkibindəki müəssisənin 1 milyon manata yaxın (941466.28AZN) borcu yaranıb.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin mülkləri və obyektləri barədə dəfələrlə mətbuatda məlumatlar dərc olunub.

Maraqlıdır ki, icra hakimiyyətinə tabe olan bir qurumun necə olur bu qədər borcu yaranır? İcra başçısı hara baxır?
Sabah qrant müsabiqəsinin qalibləri elan ediləcəkAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18 iyul tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin “2022-ci il kiçik qrant müsabiqəsi”nə təqdim olunmuş layihələr müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.

Daha sonra iclasda Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin inkişafına və təşviqinə dair Konsepsiya Sənədinin hazırlanması məsələsinə baxılmış, müvafiq işçi qrupu çərçivəsində fəaliyyətin davam etdirilməsi tapşırılmışdır.

Qeyd edək ki, “2022-ci il kiçik qrant müsabiqəsi”nin qalibləri 19 iyul 2022-ci il tarixində elan ediləcəkdir.

#QhtAgentliyi #NgoAgency #MüşahidəŞurası
Başçı müavini məktəblini döyüb: təqdimat verildi - RəsmiLənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavininin məktəblini döyməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Rəsilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əsgərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Eyni zamanda keçirilən məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Eyni zamanda, icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.

İstintaq zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
"Görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə kənd təsərrüfatı daha da inkişaf edəcək"“Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir” – 15 iyul 2022-ci il tarixdə keçirilmiş müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu fikirlərə yer verilmişdir.

Cənab Prezident geniş nitq söyləyərək ötən müddət ərzində əldə edilmiş uğurlardan bəhs edən proqram xarakterli çıxış etmişdir. Çıxışı zamanı dövlətimizin başçısı ölkəmizin xarici və daxili siyasətində bir sıra vacib məqamlara toxunmuş, Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən söhbət açılmışdır. Cənab Prezidentin çıxışının sonunda toxunduğu vacib məqamlardan biri isə ərzaq təhlükəsizliyi ilə bağlı məsələ olmuşdur.

Qeyd etməliyik ki, son illərdə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Hazırda bütün dünyada ərzaqla bağlı problem mövcuddur. Ərzaq çatışmazlığı ilə bağlı problemin səbəblərindən biri dünyada mövcud olan geosiyasi vəziyyət, digər əsas məqam isə ekoloji durumdur. Dünyada əhalinin sayının artması, eyni zamanda quraqlıq nəticəsində əkinə yararlı torpaqların sahəsinin azalması ən əsas ərzaq məhsulu olan taxıla təlabatı artırmaqdadır. Əfsuslar olsun ki, bir sıra ölkələr kimi Azərbaycan da taxıl idxal edən dövlətlərdən biridir. Dünyanın əsas taxıl ixracatçısı olan Rusiya və Ukraynanın 5 aya yaxındır ki, müharibə etməsi bu sahədə mövcud olan problemi daha da dərinləşdirir. Dünyada gedən proseslər Azərbaycanı vadar edir ki, taxıl istehsalı ilə bağlı məsələni daxili imkanları hesabına həll etsin. Artıq bu istiqamətdə Dövlət Proqramı hazırlanmış və icra edilməkdədir. Son illərdə kənd təsərrüfatında əldə edilən uğurlar proqramın uğurla icra edilməsinin bariz sübutudur.

44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş qələbə işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Xüsusi olaraq qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərimizin böyük hissəsinin əkinə yararlı torpaqlar olması mövcud əkin yerlərinin həcminin genişlənməsinə gətirib çıxarmışdır. Bununla yanaşı Qarabağ ərazisində mövcud su ehtiyatlarının bolluğu da bizə gələcəkdə imkan verəcəkdir ki, kənd təsərrüfatı sahəsində məhsuldarlığı artıraq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə əkinçiliklə yanaşı kənd təsərrüfatının digər sahələri olan maldarlıq, bağçılıq, bostançılıq, arıçılıq və digər sahələrin inkişafı üçün əlverişli şərait mövcuddur. Bütün bunları nəzərə alaraq dövlətimiz həm azad edilmiş ərazilərimizdə, həm də ölkəmizin digər yerlərində vaxt itirmədən taxıl istehsalını artırmaq məqsədi ilə ardıcıl tədbirlər həyata keçirməkdədir.

Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə əkinə yararlı torpaqların minalardan təmizlənməsi, mövcud su anbarlarının və su kanallarının təmiri istiqamətində ardıcıl işlər aparılır. Məhz bunun nəticəsidir ki, artıq bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektar ərazidə dənli bitkilər olan buğda və arpa əkilmişdir. Bundan əlavə kənd təsərrüfatında müasir aqrotexniki vasitələrdən geniş istifadə edilməkdədir. Suvarma sistemləri ən müasir səviyyədə qurulur, ölkəmizə daha məhsuldar sortlar gətirilməkdədir. Bütün bunlar bizə əminliklə deməyə əsas verir ki, görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə kənd təsərrüfatı daha da inkişaf edəcək, məhsuldarlığın artması nəticəsində ərzaq təhlükəsizliyimiz daha da güclənəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
"İqtidar daxilində Prezidentə qarşı güclü  komanda var..." - Vitse-spikerdən ŞOK AÇIQLAMALARAdil Əliyev: "Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək"

"Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar"

"Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki 5-ci kolonun nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-ci Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev "musavat.com"-a müsahibəsində bildirib.

Jurnalistin "Belə çıxır ki, Azərbaycan iqtidarı da monolit deyil. Hakimiyyətdə İlham Əliyevə qarşı fəaliyyət göstərən güclü komanda var…" sualına cavab olaraq isə Adil Əliyev sensasiyalı açıqlamalar verib:

-Əlbəttə, bu, artıq sir deyil ki. Bilirsiniz ki, uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz bu təxribatçı əməllərinə görə işdən qovuldu. Baxmayaraq ki, bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurların hamısı onun ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək.

Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var. Bu əlaqələr xüsusilə 2019-cu ildə üzə çıxdı. Bilirsiniz ki, Azərbaycan Prezidenti 2018-ci ilin sonunda Yeni il və Həmrəylik günü münasibətilə etdiyi çıxışında ölkədə institusonal və kadr islahatlarına başlayacağının anonsunu vermişdi. Üzərindən az keçməmiş, 2019-cu ilin 19 yanvarında Azərbaycanın radikal müxalifəti mitinq keçirməyi qərarlaşdırdı. Məqsəd prezidentə təzyiq göstərərək onu islahatlardan yayındırmaq idi. Məhz bu səbəbdən islahatları bir neçə ay təxirə salan ölkə başçısı ilk öncə DİN-də və DTX strukturlarında kadr dəyişikliyi apardı. Ardınca da bu islahatlar digər strukturları əhatə etdi.

Ramiz Mehdiyev komandasının maliyyələşdirdiyi radikal müxalifətin növbəti təxribatçı aksiyasının qarşısı alındıqdan və onlar hüquq-mühafizə orqanları tərəfindən yerinə oturulduqdan sonra ölkə başçısı ciddi kadr dəyişikliklərinəimza atdı. Ramiz Mehdiyev də 2019-cu ilin oktyabrında işindən uzaqlaşdırıldı. Prezidentin bu islahatları bir də 2020-ci ilin iyul ayında ermənilərin Tovuza hücumları ilə səngidi. Bir neçə aydan sonra 44 günlük müharibə başladı. Beləcə, Azərbaycan hakimiyyəti qarşısında daha prioritet məsələlər ortaya çıxdı. Son zamanlar ölkə başçısı yenidən kadr və institusional islahatlara başlamaq əzmi göstərir. Bu islahatların əsas məqsədi Avropa İttifaqına daha yaxın inteqrasiyadır. Bilirsiniz ki, Prezident bir neçə gün bundan əvvəl Avropa İttifaqı ilə yeni saziş bağlayacağını açıq şəkildə ifadə edib. Sözsüz ki, bundan Ramiz Mehdiyev komandasının da xəbəri olmaya bilməz. Təsadüfi deyil ki, indi də həm hakimiyyətdəki bəzi qüvvələr, həm də radikal müxalifət yenidən fəallaşmağa başlayıb. Halbuki, özünü demokrat adlandıran müxalif qüvvələr Azərbaycanın Aİ-yə inteqrasiyasına hər kəsdən daha çox maraqlı olmalı və İlham Əliyevin bu təşəbbüsünü dəstəkləməlidirlər. Amma onlar tamamilə əks mövqe tutaraq, həssas nöqtələrimizlə oynayırlar.
Nüvə silahı yaratmaq istəsək, kimsə mane ola bilməzİran nüvə silahı yaratmaq qərarına gəlsə, heç kim onun qarşısını ala bilməz.

Axar.az xəbər verir ki, bunu keçmiş İran diplomatı və Məhkəmə Hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə sabiq müavini Məhəmməd Cavad Laricani televiziya proqramında deyib.

“Xameneinin fitvasına görə, bizə atom silahları da daxil olmaqla, kütləvi qırğın silahlarının istehsalına icazə verilmir, lakin nə vaxtsa bunu etmək istəsək, təbii ki, heç kim bizə mane ola bilməz. Özləri də bunu bilirlər”, - o əlavə edib.
Bakıda 25 nəfəri gün vurub - RƏSMİYay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.

Bu barədə Tibbi Ərazi Bölməlrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Z.Ədilova qeyd edib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib:

"Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub".