Millətlər Liqası: Azərbaycan Belarusa qalib gəldiBu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda üz-üzə gələcək Azərbaycan və Belarus yığmalarının start heyətləri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Kirill Peçenin, 3. Valeri Boçerov, 4. Ruslan Xadarkeviç, 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 8. Qleb Şevçenko, 9. Maks Ebonq, 10. İvan Bahar, 14. Yevgeni Yablonski (k), 21. Vladislav Klimoviç

Qeyd edək ki, "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

***

Azərbaycan - Belarus matçı başladı.

***

Mahir Emreli matçın 76-cı dəqiqəsində hesabı açdı: 1-0.

***

Matçın əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə Ramil Şeydayev hesab arasındakı fərqi artırdı: 2-0. Görüş bu hesabla da başa çatdı. Bununla Azərbaycan seçməsi qrupda xallarının sayını 4-ə çatdıraraq 3-cü pilləyə yüksəldi.
"Şuşa Bəyannaməsinin imzalanması gücümüzə güc qatdı"Ən yeni tariximizin qızıl hərflərlə yazılan möhtəşəm hadisələrindən biri də Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu tarixi əhəmiyyətli strateji sənədin imzalanmasından 1 il ötür. Əlamətdar haldır ki, Şuşa Bəyannaməsinin imzalandığı gün Milli Qurtuluş Günümüzə təsadüf edib. Artıq 30 ilə yaxındır ki, 15 iyun - Milli Qurtuluş günü Azərbaycan xalqının həyatında xüsusi önəmli tarixi hadisə kimi qeyd edilir. Lakin 2021-ci ildən etibarən isə 15 iyun tarixinin Azərbaycan xalqı üçün əhəmiyyəti daha da artdı. Belə ki, bir il bundan əvvəl məhz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyənin Prezidenti Rəcəb Tayib Ərdoğanı ilk dəfə azad Şuşada rəsmi törənlə qarşıladı və iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı.

Ötən bir il ərzində “Bir millət, iki dövlət” anlayışına köklənən qardaşlığımız daha da möhkəmlənib, dövlətlərarası əlaqələrimiz isə bütün sahələr üzrə genişlənib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin bu günlərində Şuşaya səfər etməsi ilə münasibətlərimizin yeni mərhələsinə start verildi. İndi həm Şuşada, həm də işğaldan azad olunmuş digər ərazilərimizdə iki qardaş ölkənin dövlət bayraqları yanaşı dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri birlikdə həyata keçirilir, qardaş Türkiyədən gələn şirkətlər bu prosesdə yaxından iştirak edirlər. Biz bütün məsələlərdə birlikdə, çiyin-çiyinə dayanaraq fəaliyyət göstərir, səylərimizi və gücümüzü birləşdiririk.

Şuşa Bəyannaməsinin imzalanması isə gücümüzə güc qatdı. Beləliklə, bütün dünyada bir millət, iki dövlət kimi tanınan Türkiyə və Azərbaycanın birliyinin əbədi olduğu gerçəyi ən mühüm strateji sənədlə bir daha təsdiqlənmiş oldu. Bu Bəyannamə Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirdi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınmasına start verdi.

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqlik sənədidir, yeni münasibətlər platformasıdır. Bu platforma Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələri ni daha da genişləndirir və siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, beynəlxalq müstəvidə birgə əməkdaşlıq və sair sahələri tam şəkildə əhatə edir.

Bəyannamə Azərbaycan və Türkiyə birliyi formatında Cənubi Qafqazda və bütövlükdə bölgədə yeni regional düzənin başlandığını göstərdi. Və bu yeni düzənin tam mərkəzində Azərbaycan-Türkiyə müttəfiqliyi həlledici amil, istiqamətverici vektor rolunu oynayacaq. Belə ki, sözügedən Bəyannamədə iki qardaş ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb.

Yəni ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bu da o deməkdir ki, bundan sonra Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verəcəyi təqdirdə qardaş Türkiyə dövləti öz ordusu ilə ölkəmizin yanında yer alacaq. Bu tamamilə yeni münasibətlər sistemidir və Rusiya, İran kimi geosiyasi “iştah”ları bitib-tükənməyən, Azərbaycana qarşı zaman-zaman çeşidli təxribatlara və təzyiqlərə yol verən ölkələrə açıq mesajdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından birində söylədiyi sözlər Şuşa Bəyannaməsinin əsas qayəsini göstərir: “44 günlük Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer aldı. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir”.

İki qardaş ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi bizim tarixi nailiyyətimizdir. Və onu da qeyd etmək lazımdır ki, Şuşa bəyannaməsinə təkcə Azərbaycanla Türkiyənin əbədi birliyini, sıx müttəfiqliyini təsdiqləyən, rəsmiləşdirən sənəd kimi baxmaq lazım deyil. Bu sənəd eyni zamanda regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün olduqca geniş imkanlar açır.

Bölgədəki digər dövlətlər də “3+3” formatında Azərbaycan-Türkiyənin regional əməkdaşlıq təşəbüsünə qoşulacaqsa, o zaman Cənubi Qafqaz bölgəsi bütövlükdə sabitlik və inkişaf, əməkdaşlıq və təhlükəsizlik məkanına çevriləcək, bölgə xalqlarının tərəqqisini və firavan həyatlarını təmin edəcək.

Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi həm Azərbaycan və Türkiyənin bölgədəki nüfuzunu və rolunu daha da artıracaq, həm də bütün bölgə ölkələrinin iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq.

Şuşa Bəyannaməsi Türk dünyasının gələcəyi baxımından da çox önəmli geosiyasi instrumentdir. Türkiyə-Azərbaycan strateji mütəffiqliyini növbəti mərhələyə daşıyan bu sənəd, eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) digər üzvləri üçün də mükəmməl nümunə ola bilər. Qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi üçün zənnimcə, bu sənəd ən yaxşı “yol xəritəsi”dir.

Bu baxımdan, biz tam əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsinin imzalanması ilə tamamilə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri həm region üçün, həm də Türk dünyası üçün həqiqətən də etibarlı sülh, sabitlik və tərəqqi mənbəyidir. Bəyannamənin Şuşa şəhərində imzalanması dostlarımıza da, düşmənlərimizə də çox önəmli ismarıcdır. Mən əminəm ki, illər sonra biz və varislərimiz bu Bəyannamənin 10 illiyini, 50 illiyini, 100 illiyini də bugünkü kimi təntənəli surətdə qeyd edəcəyik. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, əbədidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Bərdədə “Şuşa İli” çərçivəsində tədbir keçirilibBərdə rayonunun uşaq musiqi və incəsənət məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir. Növbəti tədbir Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində reallaşıb. “Qarabağın tacı Şuşam” adlı tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Öncə tədbir iştirakçıları “Şuşa İli”nə həsr edilmiş rəsm sərgisinə baxış keçiriblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılmasından, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada aparılan bərpa-quruculuq işlərindən, Şuşada keçirilən musiqi festivallarından danışıblar. 2022-ci ilin “Şuşa İli” elan olunmasının hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığını vurğulayıb.

Tədbirdə şagirdlərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.

Azərbaycanda son sutkada koronavirusa yoluxan və ölən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 094 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 75 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 150, bu günə qədər isə ümumilikdə 6 924 498 test icra olunub.
“Öncədən planlaşdırılmış cinayət ideyası” və ya “Qondarma cinayət”lə bağlı – MüraciətHazırda həbsdə saxlanılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekalogiya İdarəsinin məsləhətçisi Hacıyev Mübariz Hüseyn oğlunun müdafiəçisi Ramil Məmmədzadə “İfşa edilməsinə maneələr yaradılan “öncədən planlaşdırılmış cinayət ideyası” cinayəti və onun əsasında başlanılmış “qondarma cinayət” işi üzrə həqiqətlərin KİV vasitəsilə araşdırılması üçün müraciət yayıb.

XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

“Hələ də ifşa edilməmiş “Öncədən planlaşdırılmış cinayət ideyası” hadisəsi reallıqda olmadığı halda qanunsuz olaraq, təxəyyüldə canlandırılaraq, başlanılmış cinayət işidir. Həmin cinayət işi araşdırılmadığı təqdirdə, onun əsasında başlanılmış və Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən ədalətli şəkildə araşdırılmayan “qondarma cinayət”in qurbanlarının qanunsuz həbsi davam edəcək.

Şəki Ağır Cinayətlər Məhkəməsi, vəzifəli şəxs kimi rüşvət almaqda təqsirləndirilən şəxslərin reallıqda baş verməyən hadisənin iştirakçılarına çevrildiyini, onların reallıqda baş verməyəcək bir hadisənin təqsirli şəxsləri kimi təqsirləndirildiyini gördüyü halda maraqlar naminə “qondarma cinayət”i araşdırmır.

Qeyd edilən “qondarma cinayət” işinin başlanılmasına əsas olan İlham Əzimovun şikayət ərizəsinin əsasları olmayıb. Belə ki, İlham Əzimovun reallıqda qanunsuz torpaq daşımaq niyyəti olmayıb ki, bunun üçün kimlərəsə (özü də rüşvət almaq səlahiyyəti olmayan) rüşvət versin. Onun qəsdən rüşvət verməsinin əsas səbəbi “öncədən planlaşdırılmış cinayət ideyası” cinayətinin təşkilatçısının tələbi olub. Bu təşkilatçı kimdir ki, təşkil etdiyi cinayətdə baş rolu narkoman İlham Əzimova həvalə edir, rolu icra edən İlham Əzimov rüşvət kimi verdiyini bildirdiyi külli miqdarda pulu da tələb etmir”.

Vəkil R.Məmmədzadə qeyd edir ki, göründüyü kimi real olmayan niyyət və realizə edilməyən şikayət əsasında qanunsuz cinayət işi başlanılmış, qanun pozuntuları ilə istintaq aparılmış, qanunsuz hökmün qəbul edilməsi üçün də məhkəməyə göndərilmişdir:

“İlham Əzimovun şikayət ərizəsi realizə edildiyi təqdirdə bəlli olardı ki, onun torpağı qanunsuz olaraq hara daşıyacağı yer bəlli deyil və ondan rüşvət tələb edildiyini bildirdiyi şəxslərin, qanunsuz daşınacaq torpaq üzərində vəzifə səlahiyyətləri (icazələr vermək, icrası məcburi qərarlar qəbul etmək) olmamışdır. Bu kimi qanuni sübutların və faktların mövcudluğu halında AR CM-nin 311-ci maddəsinin tərkib əlamətləri istisna edilir. Lakin buna baxmayaraq, əsassız və qanunsuz şəkildə cinayət işi başlanılır”.

Vəkil R.Məmmədzadənin sözlərinə görə, “Qondarma cinayət” işinin istintaqı dövründə də çoxsaylı qanunsuzluqlar olub:

“Buna zidiyyətli məqamlar üzrə üzləşmə istintaq hərəkətlərinin aparılmamasını, üzləşmə zamanı ifadələri yalnış yazılmış təqsirləndirilən şəxslərin təkrar üzləşmə aparılması barədə vəsatətlərinə əsassız müdaxilələrin edilməsi və həqiqətlərin gizlədilməsi, istintaqın əsassız səbəblərə görə aylarla uzadılması, şahid ifadələrinin təhrif edilmiş şəkildə yazılması və s. aid etmək olar.

“Qondarma cinayət” işi üzrə məhkəmənin qanunsuz qərar qəbul edəcəyi isə öncədən apardığı ədalətsiz araşdırmanın nəticələrindən görünür. “Qondarma cinayət” işinə baxan hakimlər başlanılan cinayət işinin qanunsuz başlanıldığını və istintaq edildiyini bildiyi halda, ədalətsiz hökm vermək məqsədilə sübutları ətraflı araşdırmır. O sübutlar ki, təqsirləndirilən şəxslərin təqsirsizliyini müəyyən edən sübutlardır”.

Vəkil qeyd edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin araşdırdığı “qondarma cinayət” işində olan maraqlarını və etdiyi qanunsuzluqlarını çoxsaylı orqanlara şikayət ərizələrində bildirib:

“Həmin şikayət ərizələrini redaksiyanıza təqdim edərək, şikayətlərimin ünvanlandığı orqanlardan ifşa edilməmiş “öncədən planlaşdırılmış cinayət ideyası” cinayəti və onun əsasında qanunsuz başlanılan ‘qondarma cinayət’ işi ilə əlaqədar müraciətimə dair mövqelərini dəqiqləşdirməklə, məlumatı kütləvi informasiya vasitəsində “Öncədən planlaşdırılmış cinayət ideyası” və “qondarma cinayət” işi kimi işıqlandırasınız”.
356 nəfərin adına maaş yazılıb - Vilyam Hacıyevin məhkəməsiBakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sənəndlərin tədqiqi davam etdirilib.

İcra hakimiyyətinin fəaliyyəti ilə bağlı keçirilən yoxlamalarla bağlı aktda qeyd edilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə 356 vətəndaşın adı DOST mərkəzinə işlə təmin edilən şəxs kimi yazılsa da, həmin şəxslər üzrsüz səbəblərdən işə çıxmayıb, adlarına əmək haqqı yazılıb. Bu müddət ərzində həmin şəxslərin adına 481 min manat maaş yazılsa da, bu məbləğ həmin vətəndaşlara verilməyib.

Akta görə, rayon ərazisinin işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, Dövlət Arxivində kitabların saxlanılması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə 1 milyon manat vəsait köçürüldüyü halda, həmin məbləğlər. təyinatı üzrə xərclənməyib.

Bununla yanaşı, İmişli rayon Mərkəzi Xəstəxanasının təmirinə 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə 559 min manat, İmişli Turizm Şöbəsinin 118 min manat ayrılıb. Lakin, aparılan araşdırmalar zamanı bu məbləğlər düzgün xərclənməyib.

Aparılan tikinti işlərinə sərf edilən tikinti materiallarına sertifikatlar tələb olunmayıb.

Məsələyə etiraz edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, aktlardakı məbləğlər seçmə üsulu ilə aparılıb və bu da əsas götürülə bilməz.

Vəkil deyib ki, söhbət böyük məbləğlərdən gedir: "Mütəxəssisi ona görə bura dəvət etmək istəyirdim ki, bu rəqəmlərə aydınlıq gətirsin. Aşkarlanan mənimsəmə faktlarının konkretləşdirilməsi üçün anbarlara baxış keçirilməli, aşkarlanan yeyinti faktları dəqiq hesablanmalıdır. Bu rəqəmlər Cəmil Musayevin izahatları əsasında yazılıb. Aktda göstərilib ki, 4 milyon 879 min manat İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə ayrılıb. Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib".

Vəkil aktlarla bağlı yazılı və şifahi formada vəsatətlər hazırlamaq üçün məhkəmədən vaxt istəyib. Proses iyunun 17-nə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
Volodimir Zelenski Amerika yəhudilərindən dəstək istəyib“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudiləri Beynəlxalq Komitəsi Forumuna (“American Jewish Committee Global Forum”) müraciətində bildirib.

“Rusiya hələ də ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər güc var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm. Onun Ukraynaya və Avropada azadlığa qarşı müharibəni davam etdirmək gücü nifrətdədir. Onun nifrəti ukraynalılara, Ukraynanın mədəniyyətinə və tarixinədir”, V.Zelenski bildirib.

O qeyd edib ki, müharibənin dəhşətinə baxmayaraq Ukrayna müxtəlif mədəniyyətlər üçün açıqdır.

Ukrayna Prezidenti daha sonra vurğulayıb: “Bizə güclü hücum silahları lazımdır. Onlar olmadan müharibə ancaq uzanacaq və qurbanların sayı artacaq. Mən bilirəm ki, sizin köməyiniz vacibdir. Siz öz təsirinizi artıra bilərsiniz. Çünki ümumi azadlığımızı, təhlükəsizliyimizi, mədəni müxtəlifliyimizi qorumaq üçün tarixi imkan yaranıb”.
Naftalanda Ağsaqqallar Şurası hesabat veribNaftalan şəhər Ağsaqqallar Şurasının hesabat iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, YAP Naftalan şəhər Təşkilatının sədri Rövlan Heydərov, şəhər ağsaqqalları və digər məsul şəxslər iştirak edib.

Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Konfransda ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açılıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Şəhər Ağsaqqallar Şurasının sədrinin illik fəaliyyətləri barədə hesabat məruzəsi dinlənilib.

Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini çıxış edərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb. Həmçinin, 44 günlük Vətən Müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərin gələcək nəsillərə çatdırılmasında, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ağsaqqallarımızın böyük rolu olduğunu xüsusi vurğulayıb.

Natiqlərin çıxışları ətrafında müzakirələr aparılıb.

Sonda şəhər Ağsaqqalları onlara daim göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
“Azərsu” adından pul alan dələduz peyda olub - FOTOAbşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

“Azərsu” ASC-dən Avrasiya.net-ə bildirilib ki, özünü Vüsal kimi təqdim edən həmin şəxs Nəsibə Zeynalova küçəsi 1, ünvanında yaşayan abonentdən debitor borcun ləğv edilməsi və su sayğacının dəyişdirilməsi müqabilində pul tələb edib. Həmin şəxs abonentə bildirib ki, 80 manat ödəniləcəyi təqdirdə su sayğacı yenisi ilə əvəz olunacaq və borcu tamamilə sıfırlanacaq.

Abonent bununla əlaqədar Abşeron Sukanal İdarəsinə müraciət edib, Vüsal adlı şəxsin görüntülərini təqdim edib. Abşeron Sukanal İdarəsi tərəfindən faktla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, belə hallarla qarşılaşdıqda, ilk növbədə, həmin şəxslərdən vəsiqə tələb etsinlər, heç bir halda onlara nağd pul ödəməsinlər. Vətəndaşlara bununla bağlı dərhal 955 Zəng Mərkəzinə məlumat verilməsi tövsiyə olunur. İstehlakçıların diqqətinə çatdırılır ki, əhali abonentləri üçün sayğaclar dövlət vəsaiti hesabına quraşdırılır və işlək vəziyyətdə olmadıqda yenisi ilə əvəz edilir. Sayğacın dəyişdirilməsi isə debitor borcun silinməsinə və ya azaldılmasına heç bir təsir etmir.

Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.
KKTC bu beynəlxalq təşkilatlara üzvlük üçün müraciət etdiTürkiyə Kıbrısda “iki bərabər dövlət” prinsipinin tərəfdarıdır.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Lefkoşada Quzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) olan həmkarı Tahsin Ərtuğruloğlu ilə görüşündən sonra deyib.

“Türkiyə danışıqlar prosesində (Kıbrısla bağlı) aydın və dəqiq mövqeyə sadiqdir. Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə Kıbrıs məsələsini müzakirə etdik və hər platformada bu məsələni qaldırdıq. Kıbrısla bağlı qərar iki suveren dövlət prinsipinə əsaslanmalıdır. Hər platformada Ankara və Lefkoşanın mövqeyini aydınlaşdırırıq. Biz bu barədə təkcə BMT-yə deyil, bütün ölkələrə, eləcə də Avropa İttifaqına danışırıq”, - deyə nazir bildirib.

Diplomatiya rəhbəri Kıbrıs probleminin 1974-cü ildə başladığı barədə fikir formalaşdırmağa çalışan Yunanıstan və Rum Kiprin qərəzli mövqeyinə diqqət çəkib.

“Əslində, problemin mənşəyini 1955-ci ildə axtarmaq, 1960-cı ildən sonra isə daha da kəskinləşdirmək lazımdır. Biz bunu hər yerdə bəyan edirik və KKTC-nin beynəlxalq statusunun yüksəldilməsi üçün səylər göstəririk. Yeni ölkələrdə Quzey Kıbrıs Türk Cümhuriyyəti nümayəndəliklərinin açılması planlaşdırılır”, - Çavuşoğlu bildirib.

Diplomatiya rəhbəri qeyd edib ki, KKTC də İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında statusa malikdir, həmçinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almaq üçün müraciət edib.

Nazir bildirib ki, KKTC-nin müraciətinə ilin sonunda Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçiriləcək iclasında baxılacaq.