Nə qədər ki, bəşər tarixi mövcuddur, bu hekayələr yazılacaq...1994-cü ilin noyabr ayı idi. Rusiyada Kalaşnikov avtomat-silahının ixtiraçısı, M.T.Kalaşnikovun 75 illik yubileyinin qeyd olunması televiziyada yayımlanırdı. “Milyonlarla insanların ölümünə səbəb olan bir silah ixtiraçısının yubileyini belə təntənə ilə qeyd etmək günahdır məncə” - deyən İlqarın heç ağlına gəlməzdi ki, bir neçə ildən sonra, həmin günahın qurbanlarından biri olacaq.

Qurban... hər kəs bu dünyaya xoşbəxtlik haqqı olduğu üçün gəlir, qurban olduğu üçün deyil! Arzu və planları yarım qalan, geniş dünyagörüşə, bilik və savada malik olan, orta məktəbi fərqlənmə ilə bitirən, 1996-cı ildə BDU-nun tətbiqi riyaziyyat fakultəsini, riyaziyyatçı ixtisası ilə bitirən, 1997-ci ilin yanvarından zabit kimi , hərbi xidmətə başlayan, cəbhə bölgələrində tağım komandiri kimi, düşmənlə üz-üzə döyüşən, 16 iyun, 1998-ci ildə baş leytinant kimi, xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan, dayım oğlu Calalov İlqar Salman oğluna ithaf edirəm.

Azərbaycanımızın 200 illik tarixində, bu torpaqlar uğrunda, mübarizə aparan, can qoyan, şəhid olan bütün soydaşlarımızın ruhları şad, məkanları cənnət olsun!

Söyləyəcəyim hekayə, min illərdir bu coğrafiyada yaşayanların, ana və nənələrimizin həsrət qoxuyan, yanğılı bayatı, türkü və ağılarındakı hekayələrin davamıdır. Nə qədər ki, bəşər tarixi mövcuddur , bu hekayələr yazılacaq. Kəndimizdən görünən Murov dağının arxasında günəş qürub edirdi. Üfüqdəki qırmızı buludların arxasındakı günəşin dağınıq şüaları , insanın içini daraldırdı. Ayın və günün bu saatlarında , həmişə qəlbimə bir sıxıntı çökər, yadıma bu dünyadan gəlmiş-keçmiş insanların simaları və taleləri düşər.

Xüsusilədə, yay aylarında günəşin qürubunu sevmirəm. Ümumiyyətlə, yayın istisinidə, bürküsünüdə, məndən aldıqları əzizlərimin itkilərini təsdiqləyən təqvimindəki rəqəmlərinidə sevmirəm - iyunun 16-sı kimi! Həmin günündə bürkülü havası, çöldən qayıdan heyvanların dırnaqlarının altından qopan tozlarla daha da ağırlaşmışdı. Kənd camaatının “alaqapı” adlandırdıqları, kəndin girişində qoyulan arkanın yanında sarı rəngdə, sovet dövrünün istehsalı olan köhnə bir maşın saxladı. Arxa oturacaqdan balaca boy,sısqa yayın əvvəlləri olmasına baxmayaraq, üzü günəşdən yanmış, əynində hərbi geyim olan bir əsgər düşdü.

Sağa, sola baxa-baxa nə isə axtarırmış kimi, addımlayırdı. Gözlərindən axan göz ysşları isti və tozlu havadan üzündə izlər açmışdı. Susuzluqdan quruyan dodaqları , ağladığı zaman üzünün ifadəsindən dahada sərtləşirdi. Yolun kənarında heyvanlarını otaran, çomağını eninə kürəyinə dayayaraq, hər iki qolunu çomağın o baş, bu başından aşıraraq özünə dayaq verən yaşlı bir kişi gözlərini qıyaraq soruşdu; -A bala, kimin oğlusan, niyə ağlayırsan? Əsgər, sol əli ilə papağını başından götürüb qolu ilə alnının tərini göz yaşları ilə birlikdə sildi. -Dayı, qəbirstanlıq hardadır? -Qəbirstanlığı neynirsən a bala? Sualları cavabsız qalan kişi, əsgərin arxasınca;- düz get, qarşıda, sağ tərəfdə .. deyərək səsini bir azda qaldırdı.

Dörd bayraq dalğalanan qəbirstanlıq kəndin girişindədir. O zamanlar, üç bayraq dalğalanan məzarlıqda uyuyanlar, bu dünyadan yurd həsrəti ilə köçən, Qərbi Azərbaycandan məcburi köçürülən insanların dəfn yeridir. İstidən və göz yaşlarından dumanlanmış gözləri ilə , bayraq sancılmış məzarları süzən əsgərin baxışları təzə məzara sancıldı. Aclıqdan, susuzluqdan, yorğunluqdan taqətsiz qalan cüssəsi, hıçqırtıları ilə qalxıb-enən çiyinləri olmasaydı, məzarın üstündə ölmüş birini xatırladırdı. Səhər tezdən, xəstə anası ilə söhbətini xatırlayan əsgər, acı-acı ağladı.

Anasının təşəkkür və dualarını çatdırmağa gəlmişdi. Heç kimi olmayan əsgərin xəstə anasını yoxlamaq üçün icazə verilməyəndə, İlqar onun ailə vəziyyətini nəzərə alaraq , məzuniyyətə göndərilməsinə yardımçı olmuş, maddi durumu yox dərəcəsində olan əsgərin cibinə xərclikdə qoymuşdu. Yuksək insani keyfiyyətlərə, kövrək qəlbə sahib olan İlqar, vətən bildiyi əsgərləri uğrunda şəhid oldu! -Hanı ədalət?

Bu dünyada, ədalətin olmadığını bildiyim halda, başqa bir dünyada o varmı? Gözlərini qaldırıb göylərə baxdı, sonsuz səmada , ürəyini parçalayan, beynini gəmirən sualların cavabını axtardı. Əslində, o allahı axtarırdı. Gözünün qarşısından getməyən günahsız simanın timsalında , milyonlarla günahsızların əvəzinə verdiyi sualın cavabını. Toran düşürdü. Məzara tökülən göz yaşlarından üzünün bir hissəsi palçıq olan siması, çarəsiz görünürdü. Çarəsizdi...

Dünyada ən böyük dərddir-çarəsizlik! Bir atanın, övlad tabutunu çiyinlərində daşımasıdır-çarəsizlik! Bir ananın, göyləri, dağları lərzəyə salan , yanğılı fəryadıdır- çarəsizlik! Bir atanın, məzarlığa gedib, xəlvət övladı ilə dərdləşməsi, bir ananın, hər gün övladının boş qalan yatağına ah çəkərək, həsrətlə baxmasıdır- çarəsizlik! Çarəsizlik- görmək istəyibdə, görə bilməmək, ölmək istəyibdə, ölə bilməməkdir! Ayaqlarına ağırlıq edən, ağır hərbi əsgər çəkməsi, ağır addımlarını bir azda ağırlaşdıraraq, alaqapıya tərəf ağır-ağır addımlayırdı. Günəş isə, Murov dağının arxasında, insanlıq adına utandığından yox olmuşdu!

Leyla Calalova
Tarix elmləri üzrə fəlsəfə doktoru
"Əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir"«Son illər hər bir ölkə vətəndaşının mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi Azərbaycanın sürətli inkişafını təmin etmişdir. İqtisadi inkişafı stimullaşdıran perspektivli layihələrin reallaşdırılması, vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması əldə edilən müsbət nəticələrdəndir. Azərbaycanı yerləşdiyi regionda böyük nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması aparılan iqtisadi siyasətin düzgünlüyünü təsdiq edir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2022-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı əvvəlki illərdə olduğu kimi dinamik inkişaf etməkdədir.»

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Kamran Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizdən sonra ölkəmiz yeni dövrə qədəm qoyub. İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb. Hazırda cənab Prezident İlham Əliyevin dediyi kimi, əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan öz inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb. Bu gün ölkəmiz azad edilmiş torpaqları öz gücünə bərpa edir. Cənab Prezidentin qeyd etdiyi kimi, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər.

Bu il Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Şuşanın bərpası isə çox önəmlidir. Yaşayış binaları tikilir və tezliklə insanlar ora qayıdacaqlar. Prezident İlham Əliyev müşavirədə cari ildə Şuşanın içməli su layihəsinin tam istifadəyə verilməsi barədə də tapşırıq verdi. Bir sözlə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görülür. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parklarının yaradılması planlı şəkildə həyata keçirilir.

Deputat diqqətə çatdırıb ki, işğaldan azad edilmiş torpaqlarımızın bərpa-quruculuq işlərinə ərazilərimizin minalanması böyük maneçilik törədir. İlk olaraq həmin ərazilər minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma torpaqlarımız işğal altında olduğu illərdə erməni qəsbkarları demək olar ki, hər yeri, hətta hərbi təyinatlı olmayan əraziləri belə minalamışlar. Azərbaycan öz inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb. İkili standartlar, ədalətsizlik - vaxtilə Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə və məşhur «Bayraktar» dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar.

Bu ədalətsizliyin nəticəsidir ki, müharibədən ilyarım keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçilik təşkilatları Azərbaycana heç bir yardım göstərməyiblər. Qarabağın minalardan təmizlənməsi üçün, dünyada bu məsələ ilə məşğul olan heç bir təşkilat Azərbaycana yardım göstərməyib. Baxmayaraq ki, müharibədən sonra kifayət qədər Azərbaycan vətəndaşı minaların fəsadları ilə üzləşib.

Bu gün bütün dünya Ukraynaya misli görünməyən dərəcədə dəstək nümayiş etdirir. Müharibədən sonra Ukraynanın bərpa planı cızılır. Hesab edirəm ki, bu dəstək bütün zərərçəkmiş ölkələrə göstərilməlidir. İnsan hüquqları ilə məşğul olan, ədalət prinsiplərini rəhbər tutan təşkilatlar Azərbaycana da diqqət yetirməli və ikili standartlardan kənar olmalıdırlar.
"Azərbaycan nə istədiyini, hansı hədəflərə çatmaq istədiyini dəqiq bilir"Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülməli olan işlər, atılmalı olan addımlarla bağlı səsləndirdiyi fikirləri ilk növbədə Ermənistanın hazırkı hakimiyyətinə açıq mesajlar kimi dəyərləndirirəm. Bununla belə, dövlət başçısının çıxışında BMT, ATƏT və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla da bağlı olduqca maraqlı fikirlər yer alıb, eləcə də artıq tamamilə amorf instituta çevrilən Minsk Qrupu və onun həmsədrlərinin fəaliyyətinə (daha doğrusu, tam fəaliyyətsizliyinə) də bir daha aydınlıq gətirilib. Habelə, Prezident Ermənistanı yenidən silahlandırmağa cəhd göstərə biləcək ölkələrə də ismarıc ünvanladı.

Çıxışında bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son 30 il ərzində ilk dəfə olaraq telefon söhbətinin baş tutduğunu vurğulayan və bunu müsbət qiymətləndirdiyini bəyan edən Azərbaycan Prezidenti çox önəmli bir məqama toxundu və bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı münasibətləri bu iki ölkə özləri həll etməlidir. Buna köməklik göstərmək istəyənlər isə buyurub kömək edə bilərlər. Bu, İlham Əliyev tərəfindən Nikol Paşinyana ünvanlanmış çox ciddi və cəsarətli çağırış idi. Azərbaycan lideri bu çağırışı ilə yeni reallığın əsasını qoydu.

Prezident öz çıxışında Zəngəzur dəhlizinin açılması planından vaz keçmədiyimizi, bu məsələnın əvvəlki kimi yenə də gündəmdə olduğunu, bizim üçün prioritet təşkil etdiyini bir daha vurğuladı və Naxçıvana çıxış üçün İranla imzalanan memorandumun Zəngəzur dəhlizinin açılmasının təxirə salınması kimi başa düşülməməsinin vacibliyini qeyd etdi. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, bu addımı ilə ilk növbədə 10 noyabr razılaşmasını pozmuş sayılacaq, bu isə öz növbəsində Azərbaycanın da analoji addım atması ilə nəticələnə bilər. Əgər Ermənistan tərəfi öz öhdəliyini yerinə yetirmək istəmirsə, o zaman Azərbaycan da öhdəliklərin yerinə yetirilməsinə xitam verə bilər. Bu İlham Əliyev tərəfindən Ermənistana qəti xəbərdarlıq kimi başa düşülməlidir.

Dövlətimizin başçısı Ermənistanın gələcək inkişafının ilk növbədə bu ölkənin Azərbaycan və Türkiyəyə qarşı düzgün və sülhsevər münasibətindən asılı olduğunu diqqətə çatdırdı. Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistanın inkişaf edə bilməyəcəyi bu gün hər kəsə, o cümlədən Ermənistanı idarə edənlərin özlərinə də kifayət qədər yaxşı məlumdur. Onlar başa düşməlidirlər ki, bu Ermənistan üçün həqiqətən də son şansdır. Rəsmi İrəvan revanşizmdən, ərazi iddialarından və türkofobiyadan əl çəkib, Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq norma və prinsipləri əsasında münasibətləri normallaşdırmaq yolunu tutmalıdır. Ermənistanın xilas yolu yalnız bundan keçir. Bunun üçün Ermənistan rəhbərliyi ikibaşlı siyasət yürütməkdən, öhdəliklərin yerini yetirilməsini süni surətdə yubatmaqdan, qeyri-konstruktiv addımlar atmaqdan əl çəkməli və qeyri-müəyyənliyə son qoymalıdır.

Ermənistandan fərqli olaraq Azərbaycan nə istədiyini, hansı hədəflərə çatmaq istədiyini dəqiq bilir. Bunu Prezident İlham Əliyev də sözügedən çıxışında qeyd etdi. Biz qlobal düşünürük, zamanın çağırışlarına adekvat qərarlar veririk. Həmçinin bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz postmünaqişə dövrü ilə bağlı böyük quruculuq işlərinə start vermişik, bölgə ölkələri ilə sıx əməkdaşlıq münasibətləri qurmağı özümüz üçün prioritet seçmişik. Ermənistan da eyni mövqedən çıxış etməli, konstruktiv siyasət yürütməlidir. Bütün bunlar isə son nəticədə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasına köklü zəmin yaradacaq, müharibə risklərini azaldacaq və beləliklə, bölgə xalqları rahat nəfəs almaq, dinc yaşamaq imkanı əldə edəcək. Rəsmi İrəvan və erməni xalqı İlham Əliyevin bu çağırışlarına sağlam təfəkkürlə yanaşmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Agentlik 2022-ci il kiçik qrant müsabiqəsi elan edirAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci il kiçik qrant müsabiqəsi elan edir.

Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.

Nəzərinizə çatdırırıq ki, layihələrin qəbulu 13 aprel 2022-ci il tarixdən 05 may 2022-ci il saat 18:00-a kimi təşkil ediləcək.

Ətraflı məlumatı https://e-qrant.az/news/42 saytından əldə edə bilərsiniz.
“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulubAprelin 13-də şəhər stadionunda Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayon tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.

Gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, hərbi vətənpərvərlik tərbiyəsi işinə diqqətin artırılması, gənclərin hərbi və fiziki hazırlığının yüksəldilməsi, hərbi-idman oyunları vastəsilə gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin yarışın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyan yarışda qalib adı uğrunda şəhər və kənd tam orta məktəblərin komandaları mübarizə aparıb.

Tədbirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şagirdlərə yarışın məqsədləri haqqında məlumat verilib. Daha sonra iştirakçı komandalar təntənəli keçid, mahnı ilə keçid, sıra hazırlığı, fiziki hazırlıq, turnikdə dartınma, 100 metr məsafəyə qaçış, mülki müdafiə hazırlığı, əleyhqazdan istifadə, zəhərli zonanın dəf olunması və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Ən yüksək nəticə göstərən şəhər 1 saylı tam orta məktəbin komandası I yeri tutaraq yarışın rayon mərhələsinin qalibi olub. Şəhər 3 saylı tam orta məktəbin komandası II, Böyük Həmyə kənd tam orta məktəbin komandası isə III yeri tutub.

Yarışda yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar. I yeri tutan şəhər 1 saylı tam orta məktəbin komandası eyni zamanda “Şahin” hərbi-idman oyununun aprel ayının sonunda Sumqayıt şəhərində keçiriləcək zona mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.




#Şahin #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman
Rusiyanın 4 diplomatı Avstriyadan qovulubAvstriya Xarici İşlər Nazirliyinin (XİN) persona non-qrata elan etdiyi 4 rus diplomatı ölkəni tərk edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya XİN-dən bildirilib.

Nazirlik həmin diplomatları aprelin 7-də persona non-qrata elan etmişdi.

Məlumata görə, onlar diplomatik statusları ilə uzlaşmayan davranışlarına görə qovulublar.

Qeyd edək ki, Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski Vyananın qərarını əsassız və qeyri-dost hərəkət adlandırıb.
XİN başçısı: "İran Rusiyanın Ukraynadakı müharibəsinə qarşıdır"Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və İranın xarici siyasət idarəsinin rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu ukraynalı nazir tviterdə yazıb.

“İranın xarici işlər naziri ilə telefon danışığım oldu. İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. İran şirkətlərinin köməyi ilə Rusiyaya silah ötürülməsi ilə bağlı iddiaları təkzib etdiyinə və Ukraynaya göndərilən tibbi heyətə görə xarici işlər naziri Abdullahiana minnətdarıq”, - o bildirib.

Xatırladaq ki, ötən gün Rusiyanın İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək üçün İraqdan sursat və hərbi texnika aldığı, həmçinin rəsmi Tehranın işğalçı tərəfə “Bavar 373” raket kompleksi bağışladığına dair xəbər yayılmışdı.

MİDA-dakı “5 saniyə” qalmaqalına görə araşdırma başladıMənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışını həyata keçirməsi ciddi narazılıqlar yaratdı. Səbəb isə 442 mənzilin bir neçə saniyədə satılması idi.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətindədir. Bu barədə sosial şəbəkələr vasitəsi ilə ciddi narazılıqlar bildirilir.

Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının "xüsusi proqram təminatından" istifadə ilə mümkün olduğu deyilir.

Qeyd edilir ki, "uVision", "Mousereader" kimi proqramlardan istifadə edilib və bunun üçün xüsusi “proqramçı”lar tutulub.

Mütəxəssislər də deyir ki, əgər mənzillər 5-6 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər.

Məhz bu kimi iddialardan sonra araşdırmalar başlayıb. Bu günə qədər yüzlərlə insanın xüsusi proqramlardan istifadə etdiyi üzə çıxıb.

Məlumata görə artıq ev alan şəxslər arasında xüsusi proqramlardan istifadə etmiş şəxslər də müəyyən edilib və onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilir.

Həmçinin onu da bildirək ki, xüsusi “proqramçı”lara mənzil qazanmaq üçün 10-15 min manat civarında və ya daha artıq pul ödəyən şəxslər də var ki, onların bir çoxu aldadılıb. Bir qrup “proqramçı” pulları alaraq aradan çıxıb. İndi həmin vətəndaşlar da zərərçəkmiş kimi hüquq-mühafizə orqanlarına üz tutublar.

Araşdırmalar davam edir.

MİDA bu ittihamları qəbul etmir və deyir ki, evlərin satışı 13 dəqiqədən artıq çəkib.