Xaçmazda oğul 66 yaşlı anasını baltalayıbXaçmazda oğul 66 yaşlı anasını baltalayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Əzizli kənd sakini Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.

F.Sultanovanın ailə münaqişəsi zəminində oğlu tərəfindən baltalandığı deyilir.

Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Türk Ağsaqqalları Birliyi türk dünyasına böyük xidmət göstərəcək" - Tanınmış türk yazar"Azərbaycanda yeni yaradılan Türk Ağsaqqallar Birliyinin türk dünyasının incəsənət və mədəniyyətini önə çıxaracaq. Onun inkişafına xidmət etməsi, sənət və mədəniyyət adına sevindirici haldır".

Bu sözləri İngiltərədə yaşayan tanınmış yazar, şair və sosioloq Semra Eren-Nijhar Türk Ağsaqqalları Birliyi ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Atatürk “Bir millət rəsm çəkməsə, bir millətheykəl inşa etməsə, bir millət ki, texnikanın gərəkliyini dərk etməsə, etiraf etməliyik ki, o millətin inkişafı yolunda yeri yoxdur” deyərkən dünyanın harasından olursa olsaq, sənətin önəmini vurğulayıb və altına imza ataraq gələcək nəsillərə yol göstərmişdir”.

Semra Eren-Nijhar bu yolda yeni yaranan Türk Ağsaqqalları Birliyinin qurulmasını ümidverici olduğunu qeyd edib:

“Tarixdə Türk dünyasının gizli qalan, tanınan və tanınmayan, bilənən və ya bilinməyən yazarları, şairləri, musiqiçiləri, heykəltaraşları, rəssamları və teatrçıları önə çıxarmağa özünə məqsəd edən Türk Ağsaqqalları Birliyi türk dünyasına böyük xidmət göstərəcək. Birlik mədəniyyətə, elmə verdiyi töhfələri ilə yeni nəsillərə örnək olacaq və gənc nəsillərin elmi, şüurlu, həssas və sağlam insanlarlarla irəliləməsini həyata keçirəcəkdir. Belə önəmli bir missiya üçün yola çıxan Türk Ağsaqqalları Birliyinin komandasını təbrik edirəm”.
İsmayıllıda həkim xanımı yanaraq öldü - VİDEOXəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Quşencə kəndində ev yanıb.

Avrasiya.net-in məlumatına görə, ikimərtəbəli 5 otaq və aynabənddən ibarət olan evdə olan 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızı hadisə zamanı yanaraq ölüb.

Mərhumun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Rayon sakinlərinin Modern.az-a verdiyi məlumata görə, ailənin digər üzvü, 79 yaşlı qadının əri, ixtisasca həkim olan Sovetxan Muradəliyev yanğın zamanı müxtəlif yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.
Elmi dərəcə alanlara pul mükafatı verilir - RektorAzərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov yerli media nümayəndələri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüş zamanı rektor universitetin fəaliyyətindən, təhsil prosesindən, eləcə də təhsil haqqı, tələbələrin prakitiki fəaliyyətindən söz açıb.

Rektor çıxışı zamanı 80 faiz tələbənin dövlət sifarişi əsasında təhsil aldığını vurğulayıb. O həmçinin bildirib ki, universitetdə 350 nəfərdən artıq Rusiya, İran, Afrika ölkələrindən, Mərkəzi Asiya dövlətlərindən tələbə təhsil alır. Həmçinin, universitet xarici ali təhsil müəssisələri ilə ikili diplom siyasəti həyata keçirir.

Rektor elmi dərəcə almaq prosesin uzun olduğu üçün təhsilalanların buna maraqlı göstərmədiyini bildirib. O, elmi dərəcəyə marağın artması üçün 30 yaşadək fəlsəfə doktorlarının hər birinə 3000 manat, elmi rəhbərlərinə 2000 manat, elmlər doktorluğu müdafiə edən 50 və 50 yaşaqədər olanlara 10000 manat pul mükafatı təklif olunduğunu qeyd edib.
Partiya sədri həbs edildiVətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar elan edilib.

Qərara əsasən, Ə. Əliyev barəsində 5 ay həbs cəzası verilib.

Qeyd edək ki, DSX-nin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam etdirilir.
Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilir.

Avrasiya.net xəbər verir ki, universitetin rektoru İbrahim Cəfərov 2009-cu ildən bu ali məktəbin aqrar universitet statusunda fəaliyyət göstərdiyini bildirib.

O qeyd edib ki, hər il universitetə 1300 nəfər qəbul olunur. İxtasasların təxminən 80 faizi dövlət sifarişlidir. Hazırda universitetdə 32 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Həmçinin, universitetində 350 nəfərdən artıq əcnəbi tələbə təhsil alır. Bu tələbələr 12 dövləti təmsil edirlər. Bunlar Türkiyə, İraq, Qazaxıstan, Afrika ölkələri, Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələrdir.

İbrahim Cəfərov deyib ki, son illərdə 150 nəfər müəllim işə qəbul olunub.

Rektor bildiirb ki, əvvəllər bu ali məktəbə maraq az idi. Lakin ölkədə aqrar sahə prioritet hesab olunandan, böyük fermer təsərrüfatları yaranandan sonra ADAU-ya maraq böyükdür:

“Son 5 ildə cənab prezident 3 dəfə Aqrar Universitetdə olub. Bizim tədris korpumuz nəinki MDB məkanında, Şərqi Avropada ən böyük tələbə korpuslarından biridir”.

Rektor tələbələrin universitetin tələbə yataqxanasında günü 1 manata qaldıqlarını deyib:

“Beləliklə, onların il ərzində qalma xərci 350 manatdır. Bu gün bizim 9 tədris korpusumuz var. Onlardan bir neçəsi universitetin kampusundan kənarda yerləşir. Bu gün Aqrar Universitetdə 4 tələbəyə bir kompüter düşür. Bir neçə il əvvəl Təhsil Nazirliyi tərəfindən açıqlanan statistikaya görə 28 tələbəyə bir kompütür düşürdü. Hazırda universitetdə 100-dən artıq ağıllı lövhə var”.

İbrahim Cəfərov deyib ki, universitetdə təhsilin keyfiyyətini yüksəltmək istiqamətində böyük addımlar atılır: “Bu gün bizim 5 istixanamız, balıqçılıq təsərüfatımız, digər müəssisələrimiz var. Yığılan məhsul tələbələrin qidalanmasına sərf olunur”.

İbrahim Cəfərov deyib ki, ötən tədris ilində magistr qəbul planı 94, bakalavr qəbul planı 83-84 faiz faiz yerinə yetirilib. Xarici tələbələrin təhsil haqqı 2000 manatdır. Rektor qeyd edib ki, universitetdə ingilis dilinin tədrisinə böyük önəm verilir.
Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycana yatırdığı sərmayənin məbləği açıqlanıb"Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir".

Avrasiya.net xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud krallığın “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində çıxış edərək deyib.

O bildirib ki, iki ölkə arasında bir çox oxşarlıqlar var: "Hər iki ölkə dinamik və qabaqcıl ölkə olaraq, iqtisadiyyat və cəmiyyətimizin müasirləşdirilməsi və transformasiyası yoluna qədəm qoyublar. Odlar yurdu Azərbaycan birmənalı şəkildə müasir karbohidrogen sənayesinin beşiyi olduğunu iddia edə bilər, çünki hələ XIX əsrdə burada quyulardan neft hasil edilirdi. Hazırda biz bu gün bütün dünya ilə birgə iqlim dəyişikliyinə qarşı mübarizənin aparılmasında və qlobal istiləşmənin fəsadlarının qarşısının alınmasında bir araya gələrək ortaq və mühüm marağa sahibik".

Nazirin sözlərinə görə, "ACWA Power" 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq krallığın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub: "Bu gün qeyd etdiyimiz kimi Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə "ACWA Power" şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq.

Əlavə olaraq "ACWA Power" şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək".
Prezident xalqı TƏBRİK ETDİ"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Gülüstan sarayında Azərbaycanda inşa ediləcək yeni külək elektrik stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində bildirib.

"Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq.
Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır", - dövlət başçısı deyib.
Azərbaycanda qız qaçırtdığı kəndə gedən gənci döyüb öldürdülər - TƏFƏRRÜATAğsuya qonaq gedən və bıçaqlanaraq öldürülən 29 yaşlı Məmmədkərim Dərgahlının atası onun əvvəlcə 10 nəfər tərəfindən döyüldüyünü iddia edib.

Avrasiya.net kriminalqafqaz-a istinadən xəbər verir ki, Sabirabad rayonunun Balvar kənd sakini Kərim Dərgahov "Kriminalqafqaz"a müraciət edərək oğlunun qətli ilə bağlı istintaqı aparan Ağsu rayon prokurorluğundan şikayətçi olduğunu bildirib.

O qeyd edib ki, oğlu Məmmədkərim hadisədən təxminən 3 ay əvvəl Ağsunun Padarqışlaq kəndindən qız qaçırıb: "Həmin vaxt müstəntiq gəlib izahat da aldı, qız öz istəyi ilə gəldiyini dedi. Bundan sonra ara sakitləşmişdi, amma kimsə plan qurub ki, oğlum o kəndə gedəndə qətlə yetirsinlər. Toy edəcəkdik, qohumlarımızda yas var idi deyə toyu ilin sonuna saxlamışdıq. Amma edə bilmədik".

K.Dərgahov bildirir ki, oğlu dekabrın 13-də Ağsuya əmisigilə qonaq gedib: "Axşam saat 8-9 radələrində orada 10 nəfər oğlumu döyüb. Daha sonra bir neçə nəfər onun əl-qolundan tutublar və müqavimət göstərə bilməməyindən istifadə edərək bıçaqlayıblar. Həmin şəxslər qızın qohumlarıdır. Qız da indi elə bizimlə birlikdə yaşayır, evlərinə qayıtmadı".

Mərhumun atasının sözlərinə görə, Ağsu rayon prokurorluğu oğlunun ölümündə günahkar olan 10 nəfərdən sadəcə birini məsuliyyətə cəlb edib:

"Qalan 9 nəfər azadlıqdadı, amma onlar da həbs edilməli idi. Ağsu rayon prokurorluğuna getməkdən artıq bezmişəm. Həmin işi aparan Kamran Ağayev bu cinayətkar dəstəni qoruyur. Onları sudan quru çıxarmaq istəyir. Mən narazılıq edəndə deyir ki, "hara istəyirsən, şikayət et". Ağsu rayon prokuroru Rəşad Mansurovla Kamran Ağayev əlbir olub bu işi ört-basdır etmək istəyirlər".

Baş Prokurorluğun Mətbuat xidmətindən "Kriminalqafqaz"ın sorğusuna cavab olaraq bildirilib ki, 13 dekabr 2021-ci ildə Ağsu rayonu ərazisində Məmmədkərim Dərgahlının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb: "Orxan Qaçayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmişin qohumu ifadəsində cinayətin törədilməsində Qaçayev Orxan Gülxan oğlunun qohumlarının da iştirak etdiyini bildirib. Bu səbəbdən ifadəsində göstərdiyi şəxslərin həmin cinayət hadisəsində iştirak edib-etməmələrini müəyyən etmək məqsədilə bütün lazımi istintaq hərəkətləri yerinə yetirilməklə yanaşı müvafiq ekspertizalar da təyin edilib.

İstintaqın hazırkı mərhələsində həmin cinayətin Qaçayev Orxan Gülxan oğlu tərəfindən törədilməsi müəyyən edilib. Hazırda Ağsu rayon prokurorluğunda cinayət işi üzrə ibtidai istintaqın aparılması davam etdirilir"
Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTOSəudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də təməlqoyma mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud tədbirdə çıxış ediblər.

Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar.