ABŞ Senatında Putin, Lavrov və Şoyquya qarşı sanksiyaların tətbiqi təklif edilib
ABŞ-da Robert Menendesin başçılıq etdiyi bir qrup Demokrat senatorun Ukrayna ətrafında gərginliyin artacağı təqdirdə Rusiya ilə bağlı təklif etdiyi qanun layihəsində Rusiya prezidenti Vladimir Putinə, eləcə də baş nazir Mixail Mişustin, xarici işlər naziri Sergey Lavrov, Müdafiə Nazirliyi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və hərbi rəhbərliyin digər nümayəndələrinə qarşı sanksiyaların tətbiqi yer alıb.
"Ölkə.Az"ın məlumatına görə, layihə “2022-ci ildə Ukraynanın suverenliyinin qorunması haqqında qanun” adlandırılıb. Qanun layihəsini qəbul etmək üçün onu Konqresin hər iki palatası təsdiq etməli, sonra isə imzalanması üçün dövlət başçısına göndəriləcək.
Ağ Ev daha əvvəl bu qanun layihəsini dəstəklədiyini açıqlamışdı.
“Biz senator Menendezin Rusiya iqtisadiyyatı üçün ciddi xərclərə səbəb olacaq təşəbbüsünü dəstəkləyirik və həmçinin Rusiyanın növbəti işğalı halında Ukraynaya əlavə təhlükəsizlik yardımı göstərməyə kömək edəcəyik. Biz Rusiyanın potensial xərclərini artırmaq üçün Konqreslə işləməyə davam edəcəyik”, deyə Ağ Evin Mlli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn bildirib.