BƏƏ hökuməti regionda yaranmış gərgin vəziyyətlə bağlı brifinq keçirdi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti regionda yaranmış gərgin vəziyyətlə bağlı müxtəlif nazirliklərin və Milli Fövqəladə Hallar İdarəsinin nümayəndələrinin iştirakı ilə media brifinqi keçirib.
Brifinqdə ölkənin milli suverenliyinin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və iqtisadi sabitliyin saxlanılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
BƏƏ Müdafiə Nazirliyi ölkənin ərazi bütövlüyünün müdafiəsi çərçivəsində həyata keçirilən əməliyyatların detallarını açıqlayıb. Bildirilib ki, İranın hücumları başlayandan bəri BƏƏ ərazisi 186 ballistik raket və 812 pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınıb. Hücumlar nəticəsində 3 nəfər həlak olub, 68 nəfər isə yüngül xəsarət alıb. Nazirlik vətəndaşları rəsmi göstərişlərə və qabaqlayıcı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.![]()
Beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Reem bint Ebrahim Al Haşimi hadisələrin diplomatik tərəflərinə toxunaraq, BƏƏ-nin birbaşa İranın hücumlarına məruz qaldığını bildirib. Nazir vurğulayıb ki, yaranmış vəziyyətlə əlaqədar rəsmi Əbu-Dabi diplomatik addımlar atıb, o cümlədən BƏƏ-nin Tehrandakı səfirliyi bağlanıb.
İqtisadiyyat və turizm naziri Abdulla bin Touq Al Marri milli iqtisadiyyat, aviasiya və biznes mühiti ilə bağlı son vəziyyəti təqdim edib. Hökumət, mövcud vəziyyətdən təsirlənən və ölkədə qalan səyahətçilərin yerləşmə və dolanışıq xərclərini öz üzərinə götürəcəyini elan edib.
Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Əbdüləziz əl-Əhməd bütün əmirliklərdə təhlükəsizlik vəziyyətinin tam sabit qaldığını təsdiqləyib. Milli Fövqəladə Hallar İdarəsinin (NCEMA) sözçüsü Dr. Saif Juma Al Dhaheri isə gündəlik həyatın, kommunal xidmətlərin və infrastrukturun fasiləsiz şəkildə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
